Həmrəylik ruhunu yaşatmaq, gələcək nəsillərə ötürmək hər bir gəncin məsuliyyəti və borcudur
Zeynəb Əlizadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin əməkdaşı
31 Dekabr bizim üçün sadəcə bir tarix deyil. Bu gün dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ürəyimizin eyni Vətən üçün döyündüyünü xatırladan xüsusi bir gündür. Bu gün bizi birləşdirən dilimiz, tariximiz, mədəniyyətimiz və ən əsası – Azərbaycan sevgimizdir.
44 günlük Vətən müharibəsi zamanı bu birliyin nə qədər güclü olduğunu bütün dünya gördü. Hər bir azərbaycanlı istər ölkə daxilində, istərsə də xaricdə eyni hisslərlə yaşadı. Eyni duaları etdik, eyni Zəfərə inandıq. Ordumuza verilən mənəvi dəstək, haqq səsimizin dünyaya çatdırılması milli həmrəyliyimizin canlı nümunəsinə çevrildi.
Həmrəylik Günü bizə kim olduğumuzu, haradan gəldiyimizi və hansı dəyərləri qorumalı olduğumuzu xatırladır. Həmrəylik ruhunu yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir gəncin məsuliyyəti, borcudur.