Vüsal Babayev
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin müəllimi
Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili 16 aprel 2025-ci ildə ölkəmizə səfər etmişdir. Bu səfəri rəmzi səfər də hesab etmək olar. Çünki yeni prezident seçilən Mixeil Kavelaşvili ilk xarici dövlət səfərini məhz Azərbaycana etmişdir. Bu da ölkələrimiz arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu, həmçinin ölkəmizin Gürcüstan üçün nə qədər vacib ölkə olduğunu göstərir. Qeyd edim ki, cənab Prezident İlham Əliyev də Gürcüstanla münasibətlərə çox böyük önəm verir. O, prezidentliyi dövründə rəsmi və işgüzar səfərlər daxil 11 dəfə Gürcüstana səfər etmişdir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 119 sənəd imzalanmışdır.
Azərbaycan Gürcüstanın şərqə, Gürcüstan da Azərbaycanın qərbə açılan qapısıdır. Bu gün Azərbaycan dünyanın 12 ölkəsinə neft-qaz məhsulları ixrac edir. Neft-qaz kəmərlərimiz olan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars dəmiryolu, digər nəqliyyat-kommunikasiya xətləri məhz Gürcüstan ərazisindən keçir. Bizi Gürcüstanla tarix, coğrafiya və orta siyasi-iqtisadi maraqlar birləşdirir. Mətbuata bəyanatında Prezident İlham Əliyevin aşağıdakı çıxışı keçmiş, indi və gələcək üçün iki dövlət arasında münasibətlərin sarsılmaz ifadəsidir: ”Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq və qardaşlıq şəraitində yaşamışdır. Bu gündə bu belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər. Bu layihələr həm ölkələrimiz və xalqlarımız üçün, həmdə daha geniş coğrafiya üçün əhəmiyyətlidir.
Azərbaycan və Gürcüstanın birgə icra etdiyi neft-qaz layihələri, kəmərləri, nəqliyyat-kommunikasiya xətləri sözün əsl mənasında böyük əhəmiyyətə malik layihələrdir və nəinki Cənubi Qafqazın, eləcə də Avrasiyanın nəqliyyat-kommunikasiya və enerji xətlərini yenidən tərtib edən layihələrdir. Əgər biz bugün Avropanın enerji təhlükəsizliyindən danışırıqsa, bu gün Azərbaycan və Gürcüstansız təsəvvür etmək mümkün deyil”. Çıxış edən Gürcüstan prezidentinin də sözləri diqqətəlayiqdir: ”Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim.Gürcüstan hər zaman Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub”.
Beləliklə,Gürcüstan prezidentinin ölkəmizə səfərini Cənubi Qafqazda sabitlik baxımından və gələcək layihələr baxımından uğurlu saya bilərik!