Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru
Müasir beynəlxalq münasibətlər sistemi fundamental bir böhran dövrünü yaşayır. İkinci Dünya
müharibəsindən sonra qurulan və "beynəlxalq hüququn aliliyi" prinsipinə söykənən dünya nizamı bu gün öz funksionallığını demək olar ki, tamamilə itirib. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibəsi bu acı, lakin labüd reallığın ən çılpaq şəkildə ifadəsidir. Prezidentin tezisləri göstərir ki, müasir dünyada artıq hüquq güclünün tərəfində deyil, güc hüququn özünə çevrilib. Prezident İlham Əliyev müsahibəsində onilliklər boyu Azərbaycanın üzləşdiyi ədalətsizliyi xatırladaraq, beynəlxalq təşkilatların və hüquqi mexanizmlərin necə iflic olduğunu şərh edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il kağız üzərində qalması beynəlxalq hüququn deyil, məhz "ikili standartlar"ın və böyük güclərin maraqlarının hökm sürdüyünün sübutu idi.
Dövlət başçısının qeyd etdiyi kimi, artıq dünyada heç bir beynəlxalq hüquq norması işləmir. Əgər bir ölkənin marağı başqa bir ölkənin suverenliyi ilə toqquşursa, böyük güclər hüquqa deyil, öz mənfəətlərinə və ya dini-etnik yaxınlıqlarına üstünlük verirlər. Bu reallıq Azərbaycanı "öz göbəyini özü kəsməyə" məcbur etdi. Prezidentin müsahibəsindəki ən mühüm mesaj budur: Biz beynəlxalq hüququn bərpasını başqalarından gözləmədik, onu hərbi gücümüzlə özümüz təmin etdik. Müasir geosiyasətin "Realpolitik" qanunları diktə edir ki, haqlı olmaq kifayət deyil, haqlı olduğunu sübut edəcək gücə sahib olmaq lazımdır. Prezident İlham Əliyev müsahibədə açıq şəkildə bildirir ki, dünya artıq "güclü olan haqlıdır" dövrünə qədəm qoyub. Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları bu prinsipin regionumuzdakı tətbiqi idi.
Müsahibədə dövlət başçısı bəzi beynəlxalq oyunçuların Azərbaycanı "torpaq qaytarmaq"dan yayındırmaq cəhdlərini səmimiyyətlə təsvir edir. Ona deyirdilər ki, "heç kim imkan verməz", "bu qədər iş görmüsünüz, bəsdir". Lakin Prezidentin strateji qətiyyəti göstərdi ki, hərbi güc və xalqın birliyi birləşdikdə, qarşınızda heç bir "geosiyasi maneə" dayana bilməz. Azərbaycan sübut etdi ki, hərbi qüdrət ən effektiv diplomatiya alətidir. Hərbi güc faktoru sadəcə ordunun sayı ilə deyil, həm də müdafiə sənayesinin müstəqilliyi ilə ölçülür. Prezident müsahibəsində Azərbaycanın hərbi-texniki imkanlarının genişləndirilməsini prioritet vəzifə kimi qoyur. Yerli hərbi sənayenin inkişafı, bu sahəyə özəl sektorun cəlb edilməsi və yaxın gələcəkdə hərbi məhsulların ixracının 1 milyard dollar həddinə çatdırılması hədəfi Azərbaycanın "daimi güc" statusunu qorumaq istəyindən xəbər verir.
Biz artıq təkcə silah alan deyil, həm də ən müasir silahları istehsal və ixrac edən ölkəyə çevrilirik. Bu, həm iqtisadi şaxələndirmədir, həm də dövlətin təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsidir. Prezidentin qeyd etdiyi kimi, dünyada silahlanma yarışı getdiyi bir vaxtda zəif olmaq işğala və təzyiqlərə dəvətnamə çıxarmaqdır. Müsahibədə diqqət çəkən digər bir məqam Azərbaycan Ordusunun "Komando" modelinə keçididir. Müharibədən sonra ordunun daha mobil, çevik və peşəkar bir qüvvəyə çevrilməsi prosesi sürətlənib. Bu, göstərir ki, Azərbaycan "sülh şəraitində yaşayırıq" deyərək arxayınlaşmır. Əksinə, Prezident vurğulayır ki, ordunun gücləndirilməsi prosesi heç vaxt dayanmayacaq. Çünki sülhün ən böyük qarantı kağız üzərində imzalanan müqavilələr deyil, sərhəddə dayanan qüdrətli əsgərdir. Beynəlxalq hüququn işləmədiyi yerdə, sülhün qarantı qarşı tərəfin (və ya onun havadarlarının) hücum etməkdən qorxması – yəni "çəkindirmə faktoru"dur.
Güc faktoru təkcə tank və raketlərdən ibarət deyil. Prezident müsahibədə xalqın birliyini, "itirilmiş torpaq" psixologiyasından "qalib xalq" psixologiyasına keçidi gücün ən mühüm komponenti kimi təqdim edir. Xankəndidə, Xocalıda dalğalanan bayraq Azərbaycan xalqının mənəvi gücünün rəmzidir. Prezidentin səmimi etirafı – "mənim üçün Azərbaycan o vaxt o idi, Xankəndi idi, Xocalı idi" – göstərir ki, milli hədəflərdə dürüstlük və sarsılmazlıq dövlətin gücünü bir neçə qat artırır. Güclü olanın haqlı sayıldığı dünyada, Azərbaycan həm də haqlı olduğunu mənəvi və hərbi üstünlüklə bütün dünyaya qəbul etdirdi.
Prezident İlham Əliyevin "Güclü olan haqlıdır" tezisi bir pessimizm deyil, əksinə, realist bir dövlət adamının xalqına və dünyaya etdiyi xəbərdarlıqdır. Beynəlxalq hüququn iflas etdiyi bu dövrdə Azərbaycan öz gələcəyini başqalarının insafına və ya işləməyən qanunlara buraxmır.
Biz 2025-ci ilə hərbi cəhətdən daha qüdrətli, iqtisadi cəhətdən daha müstəqil və siyasi cəhətdən daha nüfuzlu bir dövlət kimi daxil olmuşuq. Azərbaycan sübut etdi ki, əgər güclüsənsə, sənə "imkan verməzlər" deyənlər belə, sonda sənin yaratdığın yeni reallığı qəbul etməyə məcburdurlar. Dövlət başçısının qeyd etdiyi kimi, sülh arzusu ilə yaşamaq gözəldir, lakin bu sülhü qorumaq üçün hər an müharibəyə hazır olan və öz gücünə güvənən bir Azərbaycan lazımdır. Bu, yeni dövrün ən böyük reallığıdır.