Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədir
Suraxanı Rayonu, Hövsan bələdiyyəsinin sədri
Bir reallıqdır ki, cəmiyyətin inkişafında şəxsiyyətlərin rolu böyükdür. Böyük şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə güclü təsir göstərə bilirlər. Hər bir xalq öz tarixi şəxsiyyətləri, böyük dövlət adamları, görkəmli alimləri, mütəfəkkir simaları ilə özünü dünyada tanıdır. Nüfuzlu siyasətçi uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, güclü intuisiyaya, fitri istedada malik olmalıdır. Dahilik səviyyəsinə çatmış tarixi simalar əslində Tanrının bəxş etdiyi adamlardır. Azərbaycan tarixinin hər dövründə böyük tarixi şəxsiyyətlər yetişmişdir. XX əsr isə, hətta totalitar sovet rejimində belə Azərbaycan xalqını bütün dünyada tanıtdıran, ölkəmizin beynəlxalq aləmdə özünə yer tutmasına nail olan Heydər Əliyevin ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək zamanın ağır sınaqlarından çıxmasına nail olmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini yüksək qiymətləndirmişlər. Amerikanın keçmiş Prezidenti Bill Klintonun Heydər Əliyevə "dünyanı idarə etməyi bacaran görkəmli bir siyasi xadim" kimi yüksək qiymət verməsi, Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin bu böyük dövlət xadiminin "bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri" olduğunu bəyan etməsi bunun əyani sübutudur.
Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə "Heydər Əliyev İli" kimi daxil olur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Sərəncamı əsasında, bu ilin "Heydər Əliyev İli" kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir.
Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.