Görkəmli akademikin elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir
Havvaxanım Məmmədhüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Rayonu 267 saylı körpələr evi - uşaq bağçası müdiri
Həyatı hər bir alim və tibb işçisi üçün başdan-başa örnək olan akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində Azərbaycanın səhiyyə və dövlətçilik tarixində özünəməxsus yeri ilə seçilən ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Onun uşaqlıq çağlarının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür.
Zərifə Əliyeva 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.İnstitutu bitirən Zərifə Əliyev göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş və orada iki il Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə ixtisaslaşma kursunu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmiş və Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator vəzifəsinə təyin edilmişdir.
Görkəmli akademikin elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir. Zərifə xanım Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarla elmlər doktoru və elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri olmuş, böyük bir elmi məktəb yaratmışdır.
Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.