Kəmalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktoru
Dünya sosializm sisteminin süqutundan sonra Çexoslovakiya tarixdə yeganə dövlət oldu ki, "Məxməri boşanma" adlanan sivil proseslə, tamamilə qansız-qadasız şəkildə iki müstəqil subyektə — Çexiya və Slovakiya respublikalarına ayrıldı. Bu gün hər iki dövlət arasında iqtisadi model və siyasi prioritetlər baxımından müəyyən fərqlər mövcud olsa da, Slovakiya Avropanın coğrafi və geosiyasi mərkəzində yerləşən, NATO və avrozonanın fəal, nüfuzlu bir üzvüdür. Beynəlxalq münasibətlər sisteminin qanunauyğunluqları göstərir ki, suverenliyini və strateji müstəqilliyini qoruyan dövlətlər qlobal arenada bir-birlərinə daha çox meyil edirlər. Bu kontekstdə, Slovakiya-Azərbaycan əlaqələrinin sürətli inkişaf dinamikası tamamilə təbiidir.
Bu gün təkcə Slovakiyanın deyil, bütövlükdə Avropa qitəsinin Azərbaycana olan strateji marağı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu diqqətin fundamental əsasında yalnız iqtisadi və regional maraqlar deyil, eyni zamanda Prezident İlham Əliyevin şəxsi liderlik məharəti, rasional diplomatiyası və böyük siyasi ustalığı dayanır. Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar artıq qlobal güclər və beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul olunmaqdadır.
Slovakiya Respublikasının Prezidenti cənab Peter Pellegrininin Şuşa şəhərində rəsmi qarşılanması və ali səviyyəli danışıqların məhz burada aparılması faktı Avropaya və dünyaya ünvanlanmış çox güclü bir geosiyasi mesajdır. Bu tarixi səfər aşkar şəkildə nümayiş etdirir ki, Şuşa artıq Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil, həm də mühüm beynəlxalq qərarların qəbul edildiyi, qlobal diplomatik proseslərin cərəyan etdiyi siyasi mərkəz statusunu qazanmışdır.
Digər mühüm tərəf isə Slovakiyanın Qarabağ və Şərqi Zəngəzurun genişmiqyaslı tikinti-bərpa, yenidənqurma proseslərinə fəal və praqmatik şəkildə qoşulmasıdır. Bu addım onu sübut edir ki, Slovakiya rəhbərliyi Azərbaycanın regionda təmin etdiyi sabitliyi yüksək qiymətləndirir və Qarabağ münaqişəsinin birdəfəlik, əbədi olaraq tarixə gömüldüyünü tam mənası ilə qəbul edir. Beləliklə, Bakı və Bratislava arasında qurulan bərabərhüquqlu tərəfdaşlıq, keçmişin fəsadlarının aradan qaldırılmasına və Avrasiya məkanında ümumi təhlükəsizliyin, rifahın birgə inşasına xidmət edir.