Füzuli azad olunanda Bayrağımızı qaldıracaq bir salamat bina tapılmadı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhər Günündə Füzuli şəhərinə səfər etdi, köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi.Füzulililərin gənc nəsli də bu görüşdə öz doğma torpağına gəlməyə qərar verdi. Bu, onlarda doğma diyarımıza nə qədər böyük sevgisinin, bağlılığın olduğunun göstəricisidir.
Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir. Ağdam, Zəngilan və Füzulidə bizim bütün layihələrimiz uğurla həyata keçirilmişdir. Rahat yaşayış üçün bütün infrastruktur, şərait yaradılmışdır. Füzulinin timsalında bütün dünya erməni vəhşiliyinin nədən ibarət olduğunu gördü. Füzuli azad olunanda Bayrağımızı qaldıracaq bir salamat bina tapılmadı. Halbuki biz ermənilərlə illərlə yanaşı yaşamışdıq. Onlar bizim çörəyimizi yeyiblər, bütün şəhərlər, kəndlər bizim hesabımıza qurulub. Lakin onlar Azərbaycan xalqına qarşı etnik təmizləmə niyyətində olublar, və bu niyyətlərinə də zaman-zaman nail olublar. Biz heç vaxt bu işğalı, əzab-əziyyəti unutmamalıyıq.
İndi isə Füzuli tamamilə yenidən qurulur. Füzulinin yeni siması göz oxşayır. Zaman keçdikcə Füzulidə, eləcə də digər işğaldan azad olunmuş torpaqlarda daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bu məqsədlə Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda 22 min insan Füzuli şəhərində yaşayacaq. Biz bütün ölkələrə Qarabağ münaqişəsinin hərbi yol ilə həll olduğunu sübut etdik. Bununla da steparatçıların kitabı bağlandı. İşğaldan azad olunan torpaqlarda insanların rahat yaşaması üçün Özünəməşğulluq Proqramı icra ediləcək.
Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idilər və ölümə də gedirdilər. Dövlətin nə qədər gücü və nə qədər silahı olsa da, qələbəni əldə edən əsgərdir. Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqları da itirdik. Ancaq ikinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkilər minimuma endirilməli idi və buna da nail olundu. Hərbiçilərimizin qəhrəmanlığı yaddaşımızdan heç vaxt silinməyəcək. Biz əziz şəhidlərimizi dərin ehtiramla yad etməyə həmişə borcluyuq. Bu gün onların ruhu şaddır ki, biz buradayıq və onların yaxınları üçün bir təsəlli var;
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır !