Firəngiz Məlikbəyli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Biz bayrağımızı Azərbaycanın mavi səmasında qürurla dalğalanan görüb sevmişik, şeirlərdən, kitablardan, ailəmizdən, məktəbimizdən eşidib rənglərini ürəyimizə həkk etmişik. “Bayraq müqəddəsdir” şüarı ilə böyümüşük. Bizi var edən, bizi biz edən, ölkələrdən ölkəmizi fərqləndirən, rənglərində türkçülüyümüzü, uğrunda tökülən qanları, islamiyyəti birləşdirən bayrağımız son iki ildə bir az daha gözəlləşdi gözümüzdə, tanındı, azərbaycanlıları və Azərbaycan adlanan Odlar yurdunu bütün dünyaya tanıtdı. Çünki bayrağımız Qarabağın səmalarında dalğalandı, şəhid və qazilərimizin sinəsində qana boyandı, müqəddəsləşdi. Bir daha sevdik, bir daha qürürlandıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Bu vacib gün artıq neçə illərdir yüksək səviyyədə qeyd olunur. Balacadan böyüyə ürəyimiz fəxrlə döyünür bu gün. Hər bir Azərbaycan övladı himnimizi, gerbimizi və bayrağımızı ucaltmaq üçün öz sahələrində əlindən gələni edirlər, çünki milli mənliyimizi simvolizə edən atributlarımız bizim üçün həm mənən, həm də qanunən əhəmiyyət təşkil edir. Azərbaycan Bayrağı və Gerbinə qarşı bəzi hərəkətlər Azərbaycan Respublikasının cinayət Məcəlləsinə asasən yol verilməz hesab edilir. Ulu öndərimiz Heydər Əliyev “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” - deyə çıxışlarında dəfələrlə bildirmişdir.
Bayrağımızın yaranması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycanı candan, könüldən sevən Vətənin mərd oğulları heç bir siyasi dönəmdə bayrağımızdan vaz keçməmiş, əksinə onun müstəqil dövlətimizin azad səmalarında dalğalanması üçün bütün varlıqları ilə çalışmışlar. Üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmiş,Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Bayrağımız toxunulmazdır, bayrağımız şərəfimizdir. Düşmənin gözünə oxdur, xisləti pozğun olanlara isə ağır yükdür. Sadəcə 9 noyabrda deyil, İlin bütün günləri bizimdir, dəyərlidir. Ü.Hacıbəyovun, Ə.Cavadın yadigarıdır. Bir azərbaycanlı kimi fəxarətimin səbəbidir millətim, ölkəm və bayrağım.
Azərbaycan övladları səninlə fəxr edir, Azərbaycan bayrağı!