Erməni Revanşizminin Beynəlxalq Hüquqa Hörmətsizlik və Tarixi Saxtalaşdırma Kampaniyası

Erməni Revanşizminin Beynəlxalq Hüquqa Hörmətsizlik və Tarixi Saxtalaşdırma Kampaniyası
Aysel Manafova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Bakı Mühəndislik Universitetinin məsul əməkdaşı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri bir daha nümayiş etdirdi ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq tanıyır və dəstəkləyir. Lakin bu humanitar və diplomatik missiyaya Ermənistan cəmiyyətində və siyasi dairələrində göstərilən aqressiv, isterik reaksiya təəssüf doğurmaqla yanaşı, rəsmi İrəvanın sülh prosesində nə dərəcədə qeyri-səmimi olduğunu ortalığa qoyur.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Xarici diplomatların ölkəmizin daxili bölgələrinə səfər etməsi, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olması tamamilə Azərbaycanın daxili işidir. Ermənistan cəmiyyətinin və bəzi revanşist qüvvələrin xarici diplomatları bu addımlarına görə hədəfə alması, "linç" kampaniyası yürütməsi heç bir hüquqi və mənəvi çərçivəyə sığmır. Bu reaksiya, İrəvanın Azərbaycanın suverenliyini tanıması barədə verdiyi bəyanatların sadəcə söz yığınından ibarət olduğunu və Ermənistanın hələ də dövlət səviyyəsində qonşu ölkənin daxili işlərinə müdaxilə etmək ambisiyasından əl çəkmədiyini göstərir.

Ermənistanın formalaşdırmağa çalışdığı ideoloji fon dözümsüzlük və irqçilik prinsiplərinə əsaslanır. Necə ola bilər ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarında yerləşən Gəncəsər və Xudavəng monastırlarını saxtakarlıqla özününküləşdirməyə çalışır, lakin eyni zamanda öz ərazisindəki çoxəsrlik Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu tamamilə inkar edir?

Bu gün Ermənistan cəmiyyətində belə bir absurd və birtərəfli narrativ hakimdir: guya Azərbaycan ərazisində tarixən yalnız ermənilər yaşayıb, müasir Ermənistan ərazisində isə azərbaycanlılar heç vaxt mövcud olmayıb. Bu, açıq-aşkar rasist və ksenofob yanaşmadır. Azərbaycan torpaqlarında mövcud olmuş Qafqaz Albaniyasının zəngin mədəni və dini irsini inkar etmək, dünya tarix elminin qəbul etdiyi faktlara qarşı çıxmaq Ermənistanın həqiqətlərə qarşı dözümsüzlüyünün növbəti sübutudur. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi, dini və mədəni abidələr mənşəyindən asılı olmayaraq Azərbaycan dövlətinə və xalqına məxsusdur və qanunla ən yüksək səviyyədə qorunur.

Təhlillər göstərir ki, diplomatik korpusa qarşı aparılan bu nifrət kampaniyası sadəcə marjinal müxalif qrupların işi deyil. Bu proses birbaşa Ermənistan hakimiyyətinin dirijorluğu ilə idarə olunur. Hakim partiyaya yaxın media resurslarında və sosial şəbəkə seqmentlərində bu mövzunun qəsdən alovlandırılması bunun bariz nümunəsidir.

Eyni zamanda, Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın Azərbaycanın suveren hüquqlarını hədəf alan açıqlamaları rəsmi İrəvanın destruktiv mövqeyini ifşa edir. Ermənistan parlamentində 2022-ci ilin sentyabrında sərhəddə törədilən hərbi təxribatların icraçılarının xüsusi olaraq yad edilməsi sülh gündəliyinə deyil, revanşizm əhval-ruhiyyəsinin və nifrətin alovlandırılmasına xidmət edir. 2023-cü ilin tarixi reallıqlarından sonra sülhə məcbur edilən Paşinyan hakimiyyəti, bu cür kampaniyalarla sülh prosesini qəsdən manipulyasiya edir və ləngidir.

Ermənistanın ən böyük beynəlxalq cinayətlərindən biri də indiki Ermənistan (Qərbi Azərbaycan) ərazisində xalqımızın min illər boyu yaratdığı mədəni izləri qəsdən və amansızlıqla silməsidir. Azərbaycanlılara məxsus tarixi abidələr, qəbiristanlıqlar, məscidlər və tarixi yaşayış məskənləri tamamilə dağıdılıb və ya tanınmaz hala salınıb.

Ermənistan həm cəmiyyət, həm də dövlət olaraq anlamalıdır ki, revanşist xəyallarla, nifrət və tarixi saxtakarlıq kampaniyaları ilə bölgədə sabitliyə nail olmaq qeyri-mümkündür. Regionun gələcəyi qarşıdurmada deyil, beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətdədir. Azərbaycan öz torpaqlarında istənilən beynəlxalq missiyanı qəbul etmək hüququna malikdir və Ermənistanın bu proseslərə mane olmaq cəhdləri iflasa məhkumdur.

 

 

Paylaş