Ermənilər öz havadarlarının köməyi sayəsində “Laçın dəhlizi problemini” artıq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasına çıxarmağa nail olublar
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi ekspert
Vəziyyət belədir ki, Laçın yolu ətrafında ermənilər artıq şou düzəldiblər. Bildiyiniz kimi, iyulun 15-də hərbi qulluqçumuz Elşən Bayramov ermənilər tərəfindən yaralanıb və bundan sonra cinayət işi qaldırılıb. Buna görə də Laçın yolu bir müddət bağlandı. Sonradan biz yenə də humanistlik göstərərək yolu açdıq. Ermənilər buradan, xüsusilə Qızmızı Xaç Komitəsinin vasitəsilə bir çox vəsaitlər daşıdı. Nəhayət, Ermənistandan Xankəndinə gedən Qırmızı Xaç Komitəsinin maşınında qaçaqmalçılıq aşkar olundu və bu haqda da cinayət işi açıldı, Ermənistan Azərbaycana xəbərdarlıq etmədən canlı yayımda humanitar yardım adı altında 19 ədəd TIR-a yüklənmiş vəsaitləri şou göstərərək sərhəddə gətirib.
Təbii ki, Azərbaycan bundan xəbərdar olmadığına görə TIR-ların oradan keçməsinə icazə vermədi. Bundan şou düzəldən ermənilər Ermənistanda olan diplomatik nümayəndəlikləri, xarici ölkənin nümayəndələrini bura dəvət etdilər. Buradan da, xüsusilə, fransızların sayəsində dünya ictimaiyyətinə çatdırdılar ki, guya Qarabağdakı ermənilər acından ölürlər, onlara katastrof yaranıb və humanitar yardımı belə Azərbaycan buraxmır. Əslində isə Azərbaycan digər variantı, daha yaxın və geniş Ağdam-Xankəndi yolunu təklif etdi. Ancaq ermənilər özləri həmin yolu dəmir betonlarla bloklayıb ordan keçməyə icazə vermirlər və buna razı olmadılar. Bu məsələ qaldırılandan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi və Avropa İttifaqı tərəfindən Ağdam-Xankəndi yolu razılaşdırılandan sonra ermənilər bu yoldan da vaz keçdilər. Bunun üçün Ermənistanda, İrəvanda böyük şoular düzəldildi. Şovinist, revanşist qüvvələr birləşərək Laçın postunu dağıtmaq haqqında bəyanatlar verdilər. Nəticədə heç nəyə nail ola bilmədilər. Bundan sonra bölgəyə TIR-lar cəlb etdilər. Artıq 22 TIR orda gözləyir. Bildiyiniz kimi, Azərbaycan da əsaslandırdı ki, həmin TIR-ların ordan keçməsi mümkün deyil. Onlar ancaq Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər.
Bütün bu şoular onu göstərir ki, Ermənistan planlı şəkildə bu işi görür: Ermənistan, xüsusilə də Fransanın apardığı birtərəfli, qeyri-obyektiv roldan bəhrələnərək dünya ictimaiyyətini, xüsusilə BMT-ni öz əllərində bir alətə çevirmək istəyirlər. Artıq məlum olur ki, onlar sülh sazişinin bağlanmasını ləngitmək istəyirlər və bununla da gələcəkdə Fransa ordusunun Ermənistana yerləşdirilməsini, Rusiya qoşunlarının buradan çıxarılmasını nəzərdə tutublar. Gələcəkdə isə həmin fransızların və İranın köməyi ilə Ermənistanı daha da gücləndirərək yenidən Azərbaycan torpaqlarını işğal etməyə cəhd etsinlər. Bütün bunlar isə onların xəstə təxəyyülünün xülyasıdır. Təəssüf ki, Amerikada olan erməni lobbisi güclüdür. Orada müəyyən konqresmenləri ələ alıblar. Eyni zamanda fransızlar bildirib ki, Təhlükəsiz Şurasının beş üzvündən biri də elə fransadır. Azərbaycan haqqında qətnamə qəbul etməyə çalışacaqlar. Bildirim ki, bu qətnamə də hazırlanıb. Ancaq güman etmirəm ki, o, qəbul olsun. Çünki mən elə hesab edirəm ki, bu qətnamənin qəbuluna Rusiya veto qoyacaq, icazə verməyəcək ki, bu qətnamə qəbul olunsun. Yəni Təhlükəsizlik Şurasının növbəti günlərdə baş tutacaq yığıncağı nəticəsiz qurtaracaq. Azərbaycana heç bir əks-reaksiya ola bilməz. Təbii ki, bu, Azərbaycan üçün o qədər də yaxşı hal deyil. Ancaq qarşımızda belə mənfur, alçaq, şərəfsiz düşmən var. Onlarla biz döyüşü sona kimi aparacağıq və lazım gəldiyi təqdirdə Azərbaycan öz ərazilərində öz daxili imkanları hesabına anti-terror əməliyyatı keçirib bizə qıcıq göstərmək istəyən həmin revanşist qüvvələri torpaqlarımızdan təmizləyəcək.