Erməni separatçılar məğlubiyyətə məhkum idi
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şərhçi
Qarabağda olan erməni separatçılar təslim oldular və danışıqlara razılaşdılar. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bu gün Qarabağda yaranmış vəziyyətin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Ermənistan 2020-ci il 10 noyabr tarixli bəyanatın müddəalarını kobud şəkildə pozaraq davamlı şəkildə təxribatlara əl atdı, mina terrorunu davam etdirdi, öz qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmadı, əksinə ərazilərimizdə separatçılara dəstək verməklə yeni təxribatlar törətməkdə davam etdirdi. Nəticədə Azərbaycan antiterror tədbirləri keçirməyə başladı və separatçılar təslim oldular.
44 günlük Vətən müharibəsindən sonra qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxmalı idi. Təəssüf ki, bu baş vermədi. Ermənistan qanunsuz silahlı dəstələri təchiz etdi. Azərbaycan dəfələrlə xəbərdar etdi ki, separatçılar silahı yerə qoysunlar, təslim olsunlar. Sadəcə seaparatçılar xarici havadarlarına arxalanaraq bizim çağırışlarımıza cavab vermədilər. Azərbaycan özü onlara layiqli cavab verməyə başladı və artıq onlar öz postlarını qoyub qaçıblar, təslim oldular.