Erməni quldur dəstələri tarixən xalqımıza qarşı xüsusi qəddarlıqla görünməmiş qətliamlar törədiblər
Elşad Həsənov
Siyasi ekspert
YAP Suraxanı rayon təşkilatının fəalı
Bu gün azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ilin martın 31-dən aprelin 3-dək bolşeviklər və erməni daşnaklarından ibarət quldur dəstələri Bakıda və ətraf ərazilərdə, həmçinin Azərbaycanın bir neçə rayonunda kütləvi soyqırımı aktları həyata keçiriblər. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı soyqırımı dünya tarixində ən qatı və amansız cinayətlərdən hesab olunur. Ermənilər tarixən azərbaycanlılara qarşı soyqırımlar, etnik təmizləmə siyasətləri həyata keçiriblər. On minlərlə azərbaycanlı bu qanlı terrorun qurbanı olub. Erməni quldur dəstələri xalqımıza qarşı xüsusi qəddarlıqla tarixdə görünməmiş qətliamlar törədiblər.
Birinci Qarabağ müharibəsi zamanı, 30 illik işğal dövründə, hətta 44 günlük Vətən Müharibəsi günlərində də ermənilər dinc yaşayış məntəqələrimizi bombalamaqla günahsız mülki azərbaycanlıları qətlə yetirib. Son illər dövlətimizin beynəlxalq səviyyədə apardığı uğurlu təbliğat nəticəsində artıq bütün dünya ermənilərin əsl simasını tanıyıb, onların vəhşiliyinin, quldur, faşist mahiyyətinin şahidi olub.
Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində bütün dünya ictimaiyyəti ermənilərin terrorçu siyasətini açıq-aydın görür. Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı, işğal, etnik təmizləmə siyasətini hər zaman nüfuzlu beynəlxalq tribunalarda səsləndirməklə dünyanı məlumatlandırıb. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun da bu istiqamətdəki müstəsna fəaliyyəti xüsusi vurğulanmalıdır.