Enerji təhlükəsizliyinə yanaşmada Azərbaycan modeli daha rasionaldır

Enerji təhlükəsizliyinə yanaşmada Azərbaycan modeli daha rasionaldır

Südabə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 279 №-li tam orta məktəbin direktoru

Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadi potensiala və ən zəruri infrastruktura malik ölkədir. Müxtəlif istiqamətlərə uzanan 3 neft kəməri, 4 qaz boru kəməri fəaliyyətdədir. Bir neçə qonşu dövlətə elektrik enerjisi ixrac edən Azərbaycan yaxın gələcəkdə Avropa ölkələrinə elektrik enerjisi ixrac edəcəkdir. Dəniz limanı, dəmir yolu, hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə yeni bir hava limanı – Füzuli hava limanı artıq istifadəyə verilmişdir. Yaxın illərdə ölkəmiz 9 beynəlxalq hava limanına sahib olacaqdır. Bütün bu amillər Azərbaycanın iqtisadi inkişafının daha da güclənməsinə, hərbi və müdafiə qüdrətinin artmasına təkan verir və verəcəkdir.

Azərbaycanın enerji layihələri Avropa Komissiyası ilə səmərəli və məhsuldar əməkdaşlıq əlaqələrinin inkişafını şərtləndirən amillərdəndir. Bu əlaqələrin Azərbaycan, Avropa və qonşu ölkələrin də maraqlarına uyğun olması artıq heç kəsə sirr deyil. 2022-ci il iyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin mərasimdə çıxışı ölkəmizin bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynadığını sübut edir.

Prezident  cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ən güclü dəstəkçisidir. Ölkə başçısının Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin, enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışının və inkişafının təminatçısı “Neft Strategiyası”nın hədəflərinə nail olunduğu vurğulanıb: “Enerji təhlükəsizliyinə yanaşmada Azərbaycan modeli daha rasionaldır. Bu, enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsidir. Enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balanslaşmanı seçməkdir. Məhz Azərbaycan Prezidentinin proqnozlaşdırılmış və dünyadakı çağırışları çevik nəzərə alan enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır”.

Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda deyilir: “Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpa olunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpa olunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılması sahəsində mühüm nailiyyətə imza atılıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir”.

 

İyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu bir çox vacib, qlobal əhəmiyyət daşıyan  məsələlər müzakirə edilmişdir. Müzakirə olunan məsələlər arasında enerji perspektivləri, onun inkişaf etdirilməsi imkanları, qaz ehtiyatları, qazın dünya bazarına çıxarılması hər kəsi düşündürənprioritet məsələlərdəndir.  Xəzər dənizində yeni qaz yataqlarının kəşfi, hasilatın və ixracatın artırılması forumun əsas məsələlərindən biri olmuşdur.  Qeyd edim ki, “Azəri- Çıraq – Günəşli və “Şahdəniz” yatağından indiyədək 168 milyard kubmetr qaz, 555 milyon ton neft  hasil edilmişdir.  Ən mühüm layihələrdən olan TANAP üzrə 29 milyard qaz nəql olunub. İlin sonuna qədər 16 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi “yaşıl enerji” sektorunda böyük enerji potensialı yerləşir. Bir çox Avropa ölkələri Azərbaycandan enerji ehtiyatları tədarük etməkdə maraqlıdırlar. Bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Hazırda Azərbaycanın kifayət qədər tədarük edə biləcəyi qaz potensialı vardır. Azərbaycan nəinki neft-qaz layihələrinə, həmçinin bərpa olunan enerji mənbələri, quruda və dənizdə külək enerjisi layihələri  ilə bağlı uzunmüddətli hədəfləri nəzərdə tutur. Azərbaycanın neft-qaz müəssisələrində rəqəmsal texnologiyaların tətbiqi artıq reallığa çevrilməkdədir.

Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən, Türkmənistan Azərbaycan və İran üzərindən 1,5 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. İyunun 4-də Şuşa şəhərində “Qarabağ regionunda yaşıl enerjinin potensialı və imkanları” mövzusunda Bakı Enerji Forumunun iştirakçıları ilə səfər sessiyası keçiriləcək.

Bütün bu deyilənlər Azərbaycanın qlobal problemlərin həllində öz sözünü dediyini, müstəqil və uğurlu siyasət yeritdiyini, bununla da ölkəmizin hərtərəfli inkişafına nail olduğunu bir daha təsdiq edir.