Dəmir Yumruq buradadır, yerindədir. Heç yerə getməyib

Dəmir Yumruq buradadır, yerindədir. Heç yerə getməyib
Vaqif Qurbanov 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert

Azərbaycana qarşı ərazi iddialarında olan erməni daşnakları bəzən tarixi fürsətlərdən yararlanmaqla öz məkrli niyyətlərinə çatmış, bəzən də arzularına çatdıracaq fürsətlərin yaranmasını zamana buraxaraq yeni bir fürsətin yaranmasını gözləmişlər.

Sovet hakimiyyəti zamanı Azərbaycan əraziləri sanki ermənilərə peşkəş çəkilərək hədiyyə edilirdi. Ərazisi 130 min km2-dən kiçilərək 86,6 min km2 olan Azərbaycan öz doğma torpaqlarının bir hissəsini itirmişdi. Sovet hakimiyyətinin bu davranışları ermənilərdə qonşu dövlətlərə qarşı olan ərazi iddialarının daha artmasına səbəb olurdu. Onların əsas məqsədi tarixdə adı keçməyən “Böyük Ermənistan” xülyasını həyata keçirmək idi. 1923-cü il iyulun 7-də  Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində  “Dağlıq Qarabağ Muxtar Vilayətinin” yaradılması da onların gələcəkdə bu məqsədə çatmasına xidmət edirdi. Bununlada erməni daşnaklarında bu ərazilərdə referendum keçirməklə sonradan “Artsax” adlı qondarma dövləti yaratmaq fikri formalaşmışdır.

Sovet hakimiyyəti dağıldıqdan sonra, daxildə xaos, hərc-mərclik olan və xarici siyasət aparmaq təcrübəsi olmayan Azərbaycanın düşdüyü vəziyyətdən faydalanan Ermənistan bir çox əraziləri, o cümlədən Dağlıq Qarabağı işğal etməyə nail oldu. Beləliklə Azərbaycanın qəlbi olan Qarabağ 30 ilə yaxın bir müddətdə düşmən işğalı altında qaldı. Onlar bu zaman ərzində Qarabağı dünyaya öz torpaqları kimi tanıtmaq istəsələrdə, bu məqsədlərinə nail ola bilmədilər. Çünki Ulu Öndər Heydər Əliyevin və onun siyasi davamçısı olan Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq qəbul etməklə onların arzularını puça cevirmişdir.

 Müzəffər Ali Baş Komandan Prezident cənab ilham Əliyev tərəfindən aparılan islahatlar artıq öz bəhrəsini verməyə başlamışdır. Bu da ölkənin həm daxili, həm də xarici siyasətlərində uğurların əldə olunması idi. Azərbaycanın ölkə başçısının “Qarabağ düyününü” gələcək nəsilə miras qoymaq kimi  bir fikri yox idi. Qətiyyətliliyi və uzaqgörənliyi ilə hər zaman dünya siyasətçilərini heyran qoyan Prezident cənab İlham Əliyev bütün məsələlərin danışıq yolu ilə həllinə çalışaraq regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirdi. Bu həm Azərbaycanın, həm də Ermənistanın inkişafı demək idi. Ancaq bundan nəticə çıxarmaq istəməyən Ermənistanın aqibəti 2020-cilin sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsinin, 2020-ci il 8 noyabrda Azərbaycan ordusunun tarixi zəfəri ilə nəticələnən biabırçı məğlubiyyəti oldu.

2020-ci il 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının  baş naziri tərəfindən  üçtərəfli atəşkəs bəyanatı imzalandı. Bu bəyanata əsasən Ermənistan Qarabağda olan silahlı birləşmələri çıxarmalı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrini təmin etməlidir. Ancaq havadarlarına arxalanan Ermənistan rəhbərliyi bu günə qədər üçtərəfli atəşkəs bəyanatının tələblərini yerinə yetirməkdən dolayı yollarla boyun qaçırır. Onu da qeyd etmək istərdim ki, ölkəmiz tərəfindən üçtərəfli atəşkəs bəyanatında göstərilən bütün tələblər yerinə yetirilmişdir.

Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən bütün görüşlərdə üçtərəfli atəşkəs bəyanatının yerinə yetirlməsi ilə əlaqədar razılıq əldə olunmasına baxmayaraq, bu günə qədər bir çox məsələlər hələ də həll olunmayaraq qalır. Biabırçı məğlubiyyəti ilə razılaşmaq istəməyən Ermənistan bəzən sərsəm bəyanatlar da verməkdən çəkinmir. İkili siyasət aparan bəzi avropa ölkələri bu mənzərəyə sadəcə seyirci olaraq qalmaqla kifayətlənirdi. Zaman keçdikcə kimin haqlı olduğu, kiminsə haqsız olduğu gün işığı kimi bəlli  olurdu.

Anlamaq olar ki, niyə bu “Qarabağ məsələsi” indiyə qədər öz həllini tapmayıb. Çünki haqsız olduğunu bildiyi halda başqasının gözünə məharətlə kül üfürməyi bacaran Ermənistan milli xarakterə sahib bir rəhbər tərəfindən idarə edilmir. Nəticədə, gələcəkdə Ermənistan adlı bir dövlətin tarixin səhifəsindən silinməsi ilə nəticələnə bilər. Onsuz da Ermənistan ərazisi Azərbaycan xalqının doğma torpaqlarıdır. Ölkəmizin davamlı və tarazlı inkişafı ilə əlaqədar Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin 07 iyul 2021-ci il tarixli Fərmanı ilə “Dağlıq Qarabağ Muxtar Vilayəti” Qarabağ İqtisadi rayonu kimi adlandırıldı. Bununlada Ermənistan–Azərbaycan münaqişəsinin əsasında həll olunmayan məsələ kimi duran Qarabağın status məsələsi  birdəfəlik həll olundu. Bu Fərmana əsasən artıq heç kim status məsələsini gündümə gətirə bilməz.  Bu Fərman bir daha sübut etdi ki, Azərbaycan ərazisində yalnız onun konstitusiyasının qanunları keçərlidir və bu istiqamətdə heç kim dövlətimizə təzyiq göstərə bilməz.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini  xəbardar edərək bildirmişdir ki, bizim səbrimiz tükənməz deyil. Ağıllarınızı başınıza yığın. Dəmir Yumruq buradadır, yerindədir. Heç yerə getməyib.

Azərbaycan tərəfinin bu xəbardalıqlarına məhəl qoymaq  istəməyən Ermənistan ya yenidən müharibə etməli, ya da ki, tələbləri yerinə yetirməli idi. Təbii ki, Ermənistanın revanşist qüvvələri Azərbaycanla yenidən müharibə etmək fikrində idilər.  Bu bir həqiqətdir ki, 44 günlük Müharibədən sonra  darmadağın olmuş Ermənistan ordusu Azərbaycanın şanlı və qəhrəman ordusu ilə açıq döyüşə girmək qabiliyyətində deyildir. Ancaq Ermənistan yenədə öz məqsədlərindən əl çəkmək niyyətində deyildi.

19 sentyab 2023- cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarını aparan avtomobilin Xocavənd rayonunda minaya düşərək 9 nəfərin həyatını itirməsi və erməni quldur dəstələri tərəfindən mütamadi olaraq atəşkəsin pozulması Azərbaycanın səbr kasasını daşıran hallar oldu. Ermənistanın daima regionda siyasi gərginlik yaratmaqla digər qüvvələrin istəyinə uyğun xidmət etməsi, üçtərəfli bəyanatın tələblərini yerinə yetirmək niyətində olmaması, Azərbaycan tərəfini məsələnin kökündən həll olması üçün alternativ tədbirlər görməsinə vadar etdi.

Beləliklə 19 sentyabr 2023 – cü il tarixdə Azərbaycan ordusu tərəfindən Qarabağ iqtisadi rayonunda yerləşən erməni terrorçularına qarşı antiterror əməliyyatı başladı. Azərbaycan tərəfindən irəli sürülən tələblər açıq və konkret olaraq qarşı tərəfə çatdırıldı. Uzaqgörənliyi və dahiyanə siyasəti ilə bütün dünyaya Azərbaycanın haqlı olduğunu sübut edən Cənab Prezident İlham Əliyev bu tələblərin yerinə yetirilmədiyi halda antiterror əməliyyatın sona qədər davam edəcəyini bəyan edərək bu məsələdə qətiyyətli olduğunu bir daha sübut etmiş  oldu. Əməliyyat cəmi 24 saat davam edən antiterror əməliyyatı zamanı düşmənin bir çox hərbi təyinatlı obyektləri, canlı qüvvəsi, silah sursat anbarları və döyüş texnikaları məhv edilərək sıradan çıxarılmışdır. Bu qısamüddətli əməliyyat Azərbaycanın 44 günlük müharibədən sonra öz ərazilərində hakimiyyətinin bərpası baxımından ən önəmli hadisədir.

Onu da qeyd etmək istərdim ki,  Antiterror əməliyyatı zamanı ermənilərə havadarlıq edən dövlətlərdən heç bir kəskin reaksiya olmadı.  Hətta Ermənistan rəhbərliyi belə,  bu əməliyyatın Azərbaycanın daxili işidir və ona qarışmayacağıq deyərək bəyan etməsi, onların siyasətinin Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyətliyi nəticəsində  iflasa uğradığının bir göstəricisidir. Nəhayət Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyən erməni silahlı birləşmələri yenədə bibabırcasına ağ bayraq qaldıraraq təslim olduqlarının və təklif olunan bütün tələbləri yerinə yetirəcəklərinə razılıq verdilər.

21 sentayabr 2023-cü il tarixdə Yevlax rayonunda Qarabağ iqtisadi rayonunda yaşayan erməni nümayəndələri ilə azərbaycan tərəfinin görüşü keçirildi. Bu görüşdə Azərbaycan dövlət başçısı tərəfindən təyin olunmuş nümayəndə heyəti tərəfindən erməni nümayəndələrinə Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reintiqrasiya planı təqdim olundu. Azərbaycan tərəfindən ermənilərə humanitar yardım göstərilməsi təklifi müsbət qarşılandı. 22 sentyabr 2023-cü il tarixdə ərzaqla dolu olan humanitar yardım göndərildi. Bununla da Prezident İlham Əliyev və xalqımız bir daha  sübut etmiş oldu ki,  ehtiyacı olana yardım etmək bizim xarakterimiz, torpağımızda gözü olana göz dağı vermək isə mənəvi vətən borcumuzdur.