Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanın müstəqillik əldə edəndən bu günə qədər keçdiyi yola nəzər salanda bütün sahələrdə yüksələn xətt üzrə inkişafı aydın görmək olur. Ölkədə istənilən istiqamətin inkişafının əsasında iqtisadi irəliləmənin olduğunu nəzərə alaraq onu demək olar ki, dövlətin iqtisadi siyasətinin düzgün qurulması bu mənada böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan yerləşdiyi regionda nəinki yeni layihələrin təşəbbüskarı və gerçəkləşdirilməsinin önəmli qüvvəsi kimi tanınır eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin və aparıcı şirkətlərinin diqqətini regiona yönəltməklə bu arealda yerləşən digər dövlətlər üçün də inkişaf imkanlarının yaranmasında rol oynayır. İqtisadi əlaqələrini bir istiqamətə fokuslanmadan çoxşaxəli şəkildə və çoxtərəfli formatlarda genişləndirən dövlətimizdə müsbət dinamika getdikcə daha çox hiss olunur. Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında səsləndirdiyii rəqəmlər gərgin əməyin nəticəsini ifadə etməklə yanaşı gələcək üçün də nikbin proqnozlara zəmin hazırlayır.
Ötən il Azərbaycanın Avrasiya İqtisadi birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artaraq 4,7 milyard dollar təşkil etməsi, qarşılıqlı ticarətin həcminin 38 faiz artması, sözügedən birliyə üzv dövlətlərlə ticarətin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 9 faizə qədər yüksəlməsi növbəti dövr üçün ümidverici təsəvvür yaradır. Azərbaycanın əlverişli coğrafi kəsişmələrdə yerləşməsini düzgün dəyərləndirmək və bundan ölkəmizin yararına istifadə etmək imkanını reallaşdırmaq dövlətimizin iqtisadi siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Xəzər dənizində 50 gəmi ilə təmsil olunan ticarət donanmamız öz imkanlarını sadəcə bu dənizdə ən böyük ticarət donanması olmaqla məhdudlaşdırmayaraq Ələt Dəniz Limanının modernləşdirilməsi planı sayəsində yükdaşımaların həcmini 25 milyon tona çatdırmağı hədəfləyir. Dəniz ticarəti və gəmiçilik sahəsində inkişaf müasir təchizatlı tərsanəmizin xidmətlərinin Xəzər dənizi vasitəsilə qonşuluq etdiyimiz ölkələrə təqdim olunmasında da özünü göstəririr.
Strateji əhəmiyyət daşıyan logistik layihələrin reallaşdırılması bu gün ölkəmizə Bakı-Tibilisi-Qars dəmir yolu ilə Avropaya və Türkiyənin Aralıq dənizi limanlarına çıxmağa şərait yaradır. Məqsədi özü ilə yanaşı region dövlətləri üçün də rifahın təmin olunmasına çalışmaq olan Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürməklə ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı həm də bu dəhlizi beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsinə çevirməyi hədəfləyir. Beynəlxalq aeroportların sayını artırmaqla regionda hava yük donanması üzrə də liderliyə nail olan ölkəmizdə illik 500 min ton yük dövriyyəsi gerçəkləşdirilir. Təbii ki, bütün bunlar dövlətimizin iqtisadi azadlığının təmin olunması üçün mühüm amillərdəndir. Siyasi iradənin möhkəmliyini şərtləndirən, sarsılmazlığını təmin edən iqtisadi gücə sahib olmaq yönündə aparılan fəaliyyətlər dövlətimizin beynəlxalq birlik və ittifaqlarda öz maraqları naminə layiqincə təmsil olunmasına şərait yaradır.
Azərbaycanın 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına 4 illik sədrliyi ölkəmizin artan nüfuzunun göstəricilərindən hesab oluna bilər. Özü özünü təmin edən, son 20 il ərzində ümumdaxili məhsulu 3 dəfədən çox artırmağa nail olan, yoxsulluq səviyyəsini 50 faizdən 5 faizə endirməyi bacaran, xarici borcu 9 faizdən aşağı endirən iqtisadi fəaliyyət bu gün artıq qeyri xammal sektorunu formalaşdırmağa istiqamətlənmişdir. Əhalisinin sayının artmasına müvafiq inkişafı təmin etməyi də diqqətdə saxlayan nəzarət mexnizmi növbəti dövrə yönəlmiş layihələrin həyata keçirilməsinə xidmət edən fikirlərini irəli sürməyə davam edəcəkdir. Bu mənada gələcək layihələrin reallaşması üçün imkan yaradacaq Zəngəzur dəhlizinin açılması kimi təşəbbüslərin məcrasını dəyişərək çirkin siyasətlərə alət etmək mane olan qüvvələrin özünü də geri salacaqdır. Dəhliz məhfumu heç zaman, heç yerdə ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının sahəsinin konkret rəqəmlərlə göstərilməsi və ərazi bütövlüyümüzün tanınması bu mənada təsəvvürlərin aydınlaşmasının ən məqbul yoludur. Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında əhəmiyyətli rolu üzərinə götürən Rusiyanın mövqeyi də diqqətdə saxlanılan mənzərələrdəndir. Azərbaycanla münasibətlərinə önəm verdiyini dəfələrlə vurğulayan Rusiyanın bu istiqamətdəki siyasi gedişləri nəzərləri özünə cəlb edir.
Beynəlxalq hüquqa hörmətlə yanaşan, rifahı hədəfləyən dövlətimizin mümkün seçimlərin arasından ən uğurlusunu seçəcəyi, sülhə, tərəqqiyə gedən yolun üzərindəki maneələri ustalıqla dəf edəcəyi isə şübhə doğurmur.