Dünya liderlərinin təbrik məktubları: Bakı Enerji Həftəsinin beynəlxalq statusu
Şəbnəm Rzayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 43 saylı şəhər poliklinikasının Qeydiyyat şöbəsinin müdiri
Bu gün "Bakı Enerji Həftəsi" yalnız enerji şirkətlərinin görüş yeri deyil. Burada enerji təhlükəsizliyi, yaşıl keçid, investisiya imkanları, regional əməkdaşlıq və yeni texnologiyalar kimi məsələlər müzakirə edilir. Tədbir müxtəlif ölkələrin hökumətlərini, beynəlxalq təşkilatları, maliyyə institutlarını və aparıcı enerji şirkətlərini bir araya gətirərək əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Prezident İlham Əliyev mötəbər tədbirdə çıxışında ABŞ Prezidenti Donald Trampın tədbir iştirakçılarına ünvanladığı məktubu xüsusi qeyd edərək buna görə təşəkkürünü bildirdi. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin də tədbirə təbrik məktubları göndərməsinin Bakı Enerji Həftəsinin beynəlxalq statusunu bir daha təsdiqlədiyini vurğuladı.
Azərbaycanın enerji siyasətinin uğurlarını nəzərə aldıqda Bakı Enerji Həftəsinin keçdiyi inkişaf yolu ölkənin ümumi inkişaf modelinin də bir hissəsi kimi qiymətləndirilə bilər. Vaxtilə regional sərgi kimi fəaliyyətə başlayan tədbirin qlobal enerji platformasına çevrilməsi Azərbaycanın beynəlxalq enerji bazarında qazandığı mövqenin və etibarlı tərəfdaş imicinin nəticəsidir.
Son illər reallaşdırılan Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr də həmin strateji qərarın məntiqi davamı oldu. Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzunu göstərən əsas məqamlardan biri dünyanın aparıcı siyasi liderlərinin tədbirə diqqətidir.
Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, vətəndaşların həyat keyfiyyətinə və səhiyyə sisteminin inkişafına da mühüm töhfə verir. 1994-cü ildən başlayan uğurlu enerji siyasəti bu gün Azərbaycanı etibarlı enerji ixracatçısına çevirib. Cənub Qaz Dəhlizi vasitəsilə ölkəmizin qazı bir çox Avropa ölkəsinə çatdırılır və bu, dövlətimizin beynəlxalq mövqeyini daha da gücləndirir.
Səhiyyə işçisi kimi xüsusi qeyd etmək istərdim ki, güclü iqtisadiyyat səhiyyə xidmətlərinin səmərəli inkişafı deməkdir. Enerji gəlirləri hesabına tibb müəssisələri müasirləşir, yeniləri istismara verilir. Yeni avadanlıqlar alınır və xidmətin keyfiyyəti yüksəlir. Bu uğurlar Azərbaycanın davamlı inkişafına, vətəndaş rifahına və milli təhlükəsizliyinə xidmət edir.