Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birliyinin simvoludur
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan xalqının milli və dövlət bayramları arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xüsusi yeri var. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilərək Azərbaycan Respublikası Ali Sovetinə müraciət edildi. Bu müraciət əsasında Ali Sovetinin Milli Şurası Dekabrın 25-də keçirdiyi iclasda dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etdi. Artıq 35 ildir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq qeyd edilir. Beş ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanın işğal olunmuş torpaqlarının azadlığını da qeyd edərək keçirilir.
Ümummilli Lider Heydər Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətlərindən birində bu günün önəmini belə ifadə etmişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü soydaşlarımızı birləşdirməklə yanaşı onların vətənlərinə bağlılığını artırır. Prezident İlham Əliyev bu məqamı belə ifadə etmişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə biryerdə olsunlar. Həmişə bilsinlərki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.”
Bütün dünyada yaşayan azərbaycanlılar dövlətlərinə, Prezidentə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə arxalanırlar. Xaricdə yaşayan bir soydaşımızn dedidyi kimi, dünyada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşiblər. Beləliklə, “Dəmir yumruq” həmrəyliyimizin rəmzinə, dövlətlə xalqının birliyininin simvoluna çevrilib.