Aynur Həsənova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçirildi. 30 ildən sonra işğaldan azad olunan Qarabağda Zəfər Qurultayının təşkil edilməsi tarixi hadisə kimi qiymətləndirilir. Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyətimizin paytaxtı və tarixi qələbəmizin rəmzi olan Şuşa şəhərində keçirilməsi, Zəfər Qurultayı adlandırılması, təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, öz tarixi vətənlərində, yaxud dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir.
Müzəffər Azərbaycan Ordusunun qələbəsi, xalqımızın öz haqq işi uğrunda sonadək mübarizə aparmaq əzmi, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarəti və qətiyyəti hər bir azərbaycanlının başını bayrağımız qədər yüksəklərə qaldırıb. İndi bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi öz vətənləri ilə qürur duyur, bu yolda tarixi vətənlərinin haqq işinə dəstək verənlər isə Zəfərimizin və milli birliyimizin sevincini yaşayırlar.
Bu barədə nəinki yerli mətbuatda, hətta xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Şuşa Qurultayının tarixi əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, bu Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyulub, xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsi müəyyənləşdirilib. Həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verilib. Qardaş Türkiyənin Anadolu Agentliyi, “TRT AVAZ”, “Haber Global”, “TRT Haber” və digər telekanallar, “Sabah”, “Hürriyyət” və s. qəzetlər, “
aksam.com”, “
sondakika.com”, “
cumhuriyet.com” və digər media qurumları tərəfindən yayılan məlumatlarda Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqində səslənən fikirlərə geniş yer verilib.
Bu gün Dövlət Komitəsi dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizə öz dəstəyini nümayiş etdirir, onların fəaliyyəti və üzləşdikləri problemlərin dərhal aradan qaldırılması üçün bütün gücünü səfərbər edir. Nəticə göz önündədir: dünya azərbaycanlıları qalib xalqın nümayəndələri olaraq hər yerdə öz sözünü deməyi bacarır, ermənilərin informasiya təxribatlarının qarşısını alaraq, şərəfli missiyalarını layiqincə yerinə yetirirlər.