Dostluğumuz sarsılmazdır
Hacıbala Abdullayev
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
19 may 2024-cü il tarixində Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi olub. Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bir sıra məsələlərə toxunub. Ölkə başçısı “Qız Qalası” hidroqovşağının açılışı və “Xdafərin” hidroqovşağının istismara verilməsini tarixi hadisə adlandırıb. Tarixə də nəzər salsaq görərik ki, Azərbaycan və İran arasında bir çox sahədə beynəlxalq və regional layihələrin həyata keçirilməsi təcrübəsi var. Bu tədbir də iki ölkənin uğurla həyata keçirdiyi layihələrdəndir.
Azərbaycan və İran arasında dostluğun çox dərin kökləri var. Bölgənin iki qədim xalqı arasındaki bu dostluq tarixin bir çox sınağından çıxaraq bugünkü səviyyəyə çatmışdır. Daha öncə iki ölkə başçısı müxtəlif formatlarda dəfələrlə görüşlər keçiriblər. Ancaq bu görüş xüsusilə əlamətdardır. Ona görə ki, ilk dəfədir prezidentlər sərhəddə görüşürlər.
Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi yer tutur. Belə ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcmi keçən il 50 faizdən çox artıb. Bu ilin üç ayında da həmçinin artıb. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu hadisə həm də gələcəyə yönəlmiş bir əməkdaşlıqdır. Ticarət dövriyyəmiz hər il artır, birgə müəssisələr yaradılır. İki qonşu ölkə gələcəkdə də bir sıra uğurlu layihələr həyata keçirəcəkdir.
Bu gün Azərbaycan və İran geniş müstəvidə əməkdaşlıq edir. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. İstər beynəlxalq məsələlər, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı fikirlərimiz üst-üstə düşür. Dost və qonşu ölkələr olaraq bir-birimizə dəstəyimiz gələcəkdə də davam edəcəkdir. Azərbaycan azad etdiyi tarixi torpaqlarında geniş quruculuq işləri və iqtisadi layihələr həyata keçirir. Xüsusilə energetika sahəsində çox böyük planlarımız mövcuddur. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi “yaşıl enerji” zonaları elan edilib.
Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı Azərbaycan və Ermənistan arasında son zamanlarda yaşananlara dair də fikirlər söyləyib. Prezident vurğulayıb ki, uzun zamandan sonra Azərbaycan və Ermənistan arasında nəhayət ki, sülh sazişi imzalana bilər. Bu çox önəmli amildir.
Son zamanlar Ermənistanda baş verən hadisələr göstərir ki, bu həssas məqamda Ermənistan səhv addım atmamalıdır. Sərhədlərin Delimitasiya və Demarkasiya prosesi başlayandan bəri bu regionda sülh istəməyən bəzi kənar qüvvələr Ermənistan daxilindəki əlaltıları vasitəsi ilə bu prosesə mane olmaq üçün müxtəlif ssenarilər həyata keçirməyə çalışır. Təbii ki, Azərbaycan bu prosesləri çox diqqətlə izləyir. Əgər Ermənistanda revanşist meyillər güclənsə və hakimiyyətə yenidən xunta rejimi gəlsə, Azərbaycan cavab tədbirləri görməli olacaq. Ali Baş Komandanın da dəfələrlə dediyi kimi bu Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək.
Ermənistan uzun illər regionumuzdan uzaqda yerləşən ölkələrin himayəsinə sığınmış və onların dəstəyinə arxalanmışdı. Bunun nəticəsi olaraq da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini 30 ilə yaxın işğalda saxlaya bilmişdi. Azərbaycan öz gücünə beynəlxalq hüquq normalarına uyğun olaraq ədaləti bərpa etdikdən sonra Ermənistana havadarlıq edən bəzi ölkələr Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər. Azərbaycan diplomatiyasının prioriteti Azərbaycanın haqlı mövqeyini müdafiə etmək və dünya ictimaiyyətinə doğru məlumatlar çatdırmaqdır.
Bir daha bildirmək istəyirik ki, bu bölgənin inkişafı bölgə ölkələrində yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Kənardan yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və heç vaxt da verməyəcək. Bu bölgədə bütün anlaşmazlıqlara bölgə ölkələri birlikdə müzakirələr vasitəsi ilə həll yolu tapmalıdırlar.
Sonda bir daha Azərbaycan-İran əlaqələrinin gələcək inkişafının da çox müsbət olduğunu qeyd etmək lazımdır. Bizim birliyimiz, dostluğumuz sarsılmazdır.