Dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər
Gülnar Cavadova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 324 saylı bağçanın tərbiyəçisi
1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məhəmməd ağa Şahtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı.
"Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə , Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün — 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.