Dövlətimizin başçısı böyük məmnunluq hissi ilə bildirib ki, bu onun Mərkəzi Asiya Respublikalarına 16-cı səfəridir

Dövlətimizin başçısı böyük məmnunluq hissi ilə bildirib ki, bu onun Mərkəzi Asiya Respublikalarına 16-cı səfəridir

Günel Atakişiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Qazaxıstanın Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşundə iştirak və çıxış edib. Dövlətimizin başçısı böyük məmnunluq hissi ilə bildirib ki, bu onun Mərkəzi Asiya Respublikalarına 16-cı səfəridir və bu müddət ərzində qardaş respublikaların da rəhbərləri ümumilikdə Azərbaycana 15 dəfə səfər ediblər. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin uzun əsrlik tarixi, mədəni, dini və digər qiymətli ənənələrini özündə birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev bu regionun vahid tarixi-mədəni coğrafi region olduğunu vurğuladı.

Qarabağın Ermənistan işğalından azad edilməsindən sonra oradakı quruculuq işlərində qardaşlıq dəstəyinə xüsusi önəm verən dövlət başçısı ötən il Füzulidə Mirzə Uluqbəy adına orta məktəbi və Kurmanqazı adına uşaq-yaradıcılıq məktəbini tikib hədiyyə verdikləri üçün Özbəkistan və Qazaxıstan, həmçinın bu il Ağdam rayonunda orta məktəbin bünövrəsini qoyduqları üçün Qırğızıstan rəhbərinə də öz minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev dünya üçün təhlükəli təhdid və çağırışları nəzərə alaraq müdafiə və təhlükəsizlık sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə də toxundu və ötən ay Qazaxıstanda keçirilmiş“Birlik 2024" təlimlərinə yüksək önəm verdi. Qarşılıqlı əməkdaşlıqda nəqliyyat və tranzitin də mühüm vasitə olduğunu vurğulayan ölkə başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun daşınma gücünün 1 milyon tondan 5 milyon tona çatdırılması istiqamətində görülən işləri, həmçinin Ələt Beynəlxalq limanının daşınma gücünün 15 milyon tondan 25 milyon tona qədər artırılmasının nəzərdə tutulmasını böyük məmnunluq hissi ilə vurğuladı.

Azərbaycanın və Mərkəzi Asiya Respublikalarının beynəlxalq təşkilatlarda da əməkdaşlığını qeyd edən Azərbaycan Prezidenti ötən ilin noyabrında Bakıda BMT-nin Mərkəzi Asiya Respublikalarının İqtisadiyyatı üçün Xüsusi Proqramı-SPECA-nın 25 illiyi ilə bağlı Sammitinin yekunlarını xatırlatdı və əməkdaşlığın praktiki inkişafını xüsusi qeyd etdi.

Beynəlxalq birliyin dəstəyi ilə bu ilin noyabrında Bakıda ölkə rəhbərinin sədrliyi ilə keçiriləcək COP29 İqlim Konfransı çərçivəsində Mərkəzi Asiya ölkələrinin də birgə təşəbbüslərini də dəstəkləməyə hazır olduğunu bildirən İlham Əliyev bu ölkələrin prezidentləri ilə noyabrda Bakıda görüşməkdən məmnun olacağını bildirdi.