“Dövlət Suverenliyi Günü – Azərbaycan mövcudluğunun və institusional davamlılığının əsasıdır” adlı dəyirmi masa keçirilmişdir

19 sentyabr 2025-ci ildə Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin inzibati binasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr- Dövlət Suverenliyi Gününə” həsr olunmuş “Dövlət Suverenliyi Günü – Azərbaycan mövcudluğunun və institusional davamlılığının əsasıdır” adlı dəyirmi masa keçirilmişdir.
Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan Hövsan Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Seymur Rəsulov geniş nitq ilə çıxış etmişdir. Seymur Rəsulov bildirmişdir ki, Azərbaycanın dövlət suverenliyi yalnız müstəqilliyin elan olunması ilə məhdudlaşmır. Bu anlayış həm də ölkəmizin mövcudluğunun və institusional davamlılığının əsasını təşkil edir. Suverenlik Azərbaycan Respublikasına daxili və xarici siyasətdə sərbəst qərar qəbul etmək imkanı verir, milli maraqları qorumağa şərait yaradır. Məhz bu hüquqi-siyasi zəmin sayəsində ölkəmizdə qanunverici, icra və məhkəmə hakimiyyətindən ibarət müstəqil dövlət institutları möhkəmlənmiş, güclü ordu qurulmuş, milli diplomatiya formalaşmışdır.
YAP Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək “20 Sentyabr- Dövlət Suverenliyi Günü” münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini Hövsan qəsəbə sakinlərinə və görüş iştirakçılarına çatdırdı. Ənvər Haqverdiyev müzakirə olunan mövzu ilə bağlı bir çox aspektlərə geniş toxunaraq, görüş iştirakçılarına suverenliyimizin müstəqilliyimiz qədər əhəmiyyətli və vacib olduğunu xüsusi vurğulamışdır. Ənvər Haqverdiyev bildirmişdir ki, dövlət suverenliyi həm də xalqın iradəsinin ifadəsidir. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunduğu kimi, “hakimiyyətin mənbəyi xalqdır”. Bu prinsip xalqın dövlət idarəçiliyində əsas söz sahibi olmasını, dövlətin isə xalqın iradəsinə söykənməsini göstərir. Beləliklə, suverenlik həm hüquqi, həm siyasi, həm də mənəvi məna daşıyır.
Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının fəal, Vətən müharibəsi qazisi Qurbanəli İslamov çıxış edərək dedi ki, dövlət suverenliyi Azərbaycan xalqının ən böyük sərvəti, ən böyük nailiyyəti və gələcək inkişafımızın əbədi yol göstəricisi olaraq qalacaqdır.
Şəhid anası Günəş Yusubova çıxış edərək dedi ki, suverenliyimizin tam təmin olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizə qarşı dövlətimizin xüsusi diqqət və qayğısını hər zaman hiss edirlər.
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının baş həkimi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri, Hövsan Bələdiyyəsinin üzvü Sənan Əliyev də öz növbəsində dedi ki, Dövlət suverenliyi anlayışı hər bir xalqın azad yaşamaq, öz gələcəyini sərbəst müəyyənləşdirmək və milli maraqlarını müdafiə etmək hüququnun ən ali ifadəsidir. Suverenlik dövlətin həm daxili, həm də xarici siyasətdə müstəqilliyini təsbit edir, onu başqa dövlətlərdən və hər hansı xarici təsirdən asılı olmadan qərar qəbul etmək gücünə malik edir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, müdrik xalqımızın bu il müəllifi Ulu Öndər Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəklərini vurğulayıblar. Bu baxımdan ölkə başçısının 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar imzaladığı müvafiq Sərəncamın əhəmiyyətini bir daha dilə gətiriblər.