Dil hər bir xalqın varlığının əsas təminatçısıdır
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri
Azərbaycan dilində Əlifba - XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına olmuşdur, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçirmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır.
1919-cu ilin martında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir.
Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi. Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi. Azərbaycan əlifbasının islahatı respublikada dil quruculuğuna təkan verdi. Azərbaycanın dilçi alimlərinin bilavasitə iştirakı ilə XX əsrin 20-ci illərinin sonunda respublikanın azsaylı xalqlarının - ləzgilərin, avarların, saxurların, tatların, talışların, kürdlərin, udilərin latın qrafikalı əlifbaları yaradıldı. Lakin 1938-ci ildə SSRİ rəhbərliyinin kobud müdaxiləsi nəticəsində Azərbaycanda dil quruculuğunun təbii inkişaf axarı pozuldu. Mərkəzi hakimiyyətin qərarı əsasında azsaylı xalqların yeni yaradılmış əlifbaları ləğv olundu. 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən latın qrafikasından Kirill qrafikasına keçmək haqqında qərar qəbul etdi. Kirill qrafikası əsasında hazırlanmış yeni türk əlifbaları arasında çox ciddi fərqlər var idi. Belə ki, bir çox hallarda eyni fonemlər ayrı-ayrı əlifbalarda, bir qayda olaraq, müxtəlif işarələrlə təsvir olunurdu. Bu da türk dilləri arasında fərqləri süni surətdə dərinləşdirmək məqsədilə edilmişdi. Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində SSRİ-nin dağılması prosesi başlayanda Azərbaycan ictimaiyyətinin irəli sürdüyü ilk tələblərdən biri latın qrafikasına qayıdışla bağlı oldu. Milli şüurun oyanışının təzahürü olan bu tələb yalnız məhdud linqvistik əhəmiyyət kəsb etməyib geniş etnosiyasi xarakter daşıyırdı ki, 1990-cı ilin əvvəllərində latın qrafikasını bərpa etmək məqsədilə latın qrafikalı əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz akademik Afad Qurbanov olmuşdur. Əlifba islahatçısı kimi onun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və bu sahədəki yaradıcılıq işi nəzərə alınaraq akademik Afad Qurbanov komissiyanın sədri təyin edilmişdir. Komissiyanın hazırladığı layihə 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olundu. Lakin müxtəlif obyektiv və subyektiv səbəblər üzündən tətbiq olunmadı. Ana dilinin dövlət dili olması uğrunda siyasi xadimlərinin , alimlərimiz və mütəfəkkirlərinin daima mübarizə aparmışlar. Dilimizin keçdiyi çətin dövrlərdən biri də SSRİ dövrü idi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən Ümumilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı. Ulu Öndər məqsədinə çatmaq üçün Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınmasına çalışırdı. Heydər Əliyev ziyalıları da mübarizəyə cəlb edərək bu prosesi daha da gücləndirdi.
1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlət dili statusunu aldı. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu.
Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəldikdən sonra 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. Dövlətimiz tərəfindən Azərbaycan dilinin inkişafı və qorunması sahəsində mühüm işlər görüldü. 2001-ci ildə Ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında xüsusi rol oynadı. Həmin Fərmanda nəzərdə tutulan digər mühüm məsələ Dövlət Dil Komissiyasının yaradılması idi.
Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Ulu Öndər Heydər Əliyev: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.”
Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” verdiyi sərəncamlarla elmin və mədəniyyətin inkişafına xüsusi diqqət göstərdiyini bir daha təsdiqləmiş oldu.
Prezident İlham Əliyev: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir.
Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Məhz bu mühüm və əhəmiyyətli amili nəzərə alan nüfuzlu UNESCO təşkilatı 1999-cu ilin noyabr ayında 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Beynəlxalq qurumun bu tarixi qərarından sonra 2000-ci ildən başlayaraq, 21 fevral bütün dünyada Ana dilinin təntənəsi və bayramı günü kimi qeyd olunur.
Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili istər qədimliyi, istərsə də özümlüyü və zənginliyi, ahəngdarlığı və rəngarəngliyi, axıcılığı və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir. Xalqımızın bənzərsiz söz sənəti: çeşidli ağız ədəbiyyatı nümunələri, dünya folklorunun nadir incilərindən olan "Kitabi-Dədə Qorqud" dastanları, üsyankar Nəsiminin, qəlb şairi Füzulinin qüdrətli qələmindən çıxan əsərləri bu dildə yaranmış və ona böyük şöhrət və əbədiyaşarlıq qazandırmışdır. Tarixin müxtəlif dönəmlərində amansız və sərt sınaqlarla üzləşən, bu sınaqlardan üzüağ və şərəflə çıxan dilimiz zaman-zaman cilalanaraq daha da saflaşmış, zənginləşmiş və uzun bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının ümummilli lideri, doğma ana dilinin gözəl bilicisi və böyük qayğıkeşi Heydər Əliyev ana dili haqqında demişdir: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir". Aforizm səciyyəli bu sözlər də ulu öndərə məxsusdur: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir".
Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin dilimiz haqqında söylədikləri yuxarıdakı fikirlərin davamı kimi səslənir: "Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir".
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “ Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Bu proqram Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlərə imkan yaradır və Azərbaycan dilinin qorunmasına xidmət edir.
Ulu Öndər Heydər Əliyev: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir, Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.” Hər bir Xalq öz dili ilə tanınır. Azərbaycan dili ən mükəmməl və inkişaf etmiş dildir . Ulu Öndər Heydər Əliyev : MƏN FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM.