Müəllim gənc nəslin mənəvi aləminin memarıdır
“Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir.” Heydər Əliyev
Günay Camalova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin müəllimi
Öz peşəsini, tədris etdiyi fənni sevməyən müəllim, cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, daim çalışan müəllim öz kökü üzərində bitən, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Müəllim əməkdə və geyimdə sadəliyin, fəaliyyətində gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda savadlı örnək olmalıdır.
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir. Müəllim öz vəzifəsini ən yüksək dərəcədə mükəmməllik, peşəkarlıq, zəka, bacarıq və təhsilin keyfiyyətini təmin etmək üçün son dərəcə fədakarlıqla yerinə yetirməlidir. Müəllimin üzərinə çoxsaylı vəzifələr düşür. Onun vəzifəsi sadəcə olaraq sinfin dörd küncündə dərsi çatdırmaq deyil, daha çox şagirdlərin ikinci valideyni kimi xidmət etmək və şagirdlərini övladı kimi sevməli və onlara qayğı göstərməlidir.
Müəllim həyatda şagirdlərin düzgün addım atmasında bələdçi rolu oynayır. Müəllimin xəzinəsi şagirdlərin qazandıqları uğurlardır. Müəllim nə qədər yorğun olsa belə çəkdiyi əziyyətin bəhrəsin görəndə yorğunluğunu unudur. O, cəmiyyətə geniş, dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir.
Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən Ümummilli Lider demişdir: “Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”
Unutmayaq ki, müəllimlər cəmiyyəti savadlı gələcəyə, xalqımızı işıqlı sabaha aparan şəxslərdir. Onlar öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Eyni zamanda gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxslərdir.
Bütün müəllimlərin bayramını təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə çəkdiyiniz fədakarlığın, sonsuz zəhmətinizin töhfəsini görməyi arzulayırıq!