Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub

Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub
Arzu Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli məktəbin tarix müəllimi
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri baş tutub. Son illər ərzində Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini, beynəlxalq platformalarda birgə fəaliyyəti genişləndirmək istəyirlər. Hər iki ölkənin prezidentinin iqtisadi inkişaf istiqamətində siyasət yürütmələri dövlətlər üçün səmərəlidir.
Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında bir sıra sənədlər imzalanıb. İmzalanan sənədlər iki ölkə arasında insan hüquqlarının qorunması, iqtisadi ticarət, mədəniyyət, turizm və digər sahələri əhatə edir. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ən mühüm sənədlərdəndir. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bu müqavilə bütün sahələri özündə əks etdirir, o cümlədən hərbi-təhlükəsizlik məsələlərini də nəzərdə tutur”.
Azərbaycan-Özbəkistan əlaqələrinin rəsmi müttəfiqlik səviyyəsinə yüksəlməsi təbiidir və hər iki ölkənin liderinin iradəsinin, qardaş xalqlarının istəyinin təcəssümüdür. Milli maraqlara əsaslanan praqmatik siyasi xəttin tərəfdarı olan İlham Əliyev və Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla, müttəfiqliklə nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar.
Özbəkistan 44 Günlük Vətən Müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Özbəkistan həm də azad Qarabağdakı quruculuq işlərinə qoşulub. 2023-cü ildə Prezident Şavkat Mirziyoyevin işğaldan azad olunan Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin açılışında iştirakı ölkələrimiz arasındakı dostluq və qardaşlığın rəmzinə çevrildi. Bu gün hər iki dövlət başçısı beynəlxalq səviyyədə iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün faydalı əməkdaşlıq edir.
Beləliklə, Azərbaycan Prezidentinin 22-23 avqust Daşkənd səfəri Özbəkistanla müttəfiqlik müqaviləsinin imzalanması səbəbilə tarixi səfər, tarixi hadisə oldu.