Dağlıq Qarabağ əvəzinə Qarabağ sözünün işlədilməsi, sülh danışıqlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıldığının bariz göstəricisidir
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
44 günlük müharibədə qazandığı “Tarixi Zəfərlə” öz ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan, işğalçı Ermənistana və onun himayədarlarına qarşı daima çətin hərbi - diplomatik həmlələrlə regionda həm siyasi, həm də hərbi cəhətdən güclü bir dövlət olduğunu sübut etmiş oldu. Ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş siyasəti və qətiyyətliliyi ilə bərabər Türkiyənin hər tərəfli dəstəyi həm hərbi, həm də siyasi arenada uğurların əldə edilməsində həlledici rol oynamışdır. Türkiyə-Azərbaycan ittifaqı zəfər sonrası Ermənistanla davam edən danışıqlarda ərazi bütövlüklərinin qarşılıqlı olaraq tanınması şərtiylə sülh və sabitliyi davamlı hala gətirməyə çalışsa da daxili siyasi vəziyyəti, xarici ölkələrdən asılılığı və şovinizm hissləriylə zəhərlənən bir cəmiyyəti olan Ermənistan yeni reallıqları qəbul edərək böyük sülh sazişinin imzalanmasından müxtəlif bəhanələrlə boyun qaçırdmaqla buna hazır olmadığı görülür. Buna görə də Ermənistan rəhbərliyi istər Moskvada, istərsə də Brüssel görüşlərində əldə olunmuş razılıqların həyata keçirilməsinə müxtəlif bəhanələr gətirərək mane olmağa çalışır. Halbuki Brüssel görüşlərində əldə olunmuş razılıqlar regionun iqtisadi cəhətdən inkişafına təkan verən əsas amillərdən biridir. Regionun inkişafı orada yaşayan xalqların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. Bu kimi görüşlərin mütəmadi olaraq keçirilməsi və əldə olunan razılıqların tez bir zamanda həyata keçirilməsi acınacaqlı həyat tərzi keçirən erməni xalqının gələcəyi üçün çox daha böyük əhəmiyyətə malikdir.
Regionda münaqişəyə son qoymaq məqsədi ilə sülhün və təhlükəsizliyin bərpası üçün Ermənistan-Azərbaycan dövlətləri arasında kommunikasiya və nəqliyyat xətlərinin açılması, gömrük işlərinə nəzarət, dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəfdən müvəqqəti işçi qrupun yaradılması, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi üçün sərhəd komissiyasının təşkil edilməsi kimi bir sıra əhəmiyyətli məsələlərlə bağlı razılıq əldə olunub. Regionda münaqişələri dövlət sərhədlərinin müəyənləşdirməklə qarşlılıqlı əlaqələri inkişaf etdirmək mümkündür. Bu, nüansı daima diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə mətbuat konfransında çıxış edərkən münaqişənin həll olunması üçün dövlətlər arası sərhədlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq 30 ilə yaxın dövlət sərhədimiz və o cümlədən 20 faiz ərazimiz işğal altında olduğuna görə sərhədlərin delimitasiyasının zərurəti yarandığını və bununla əlaqədar Ermənistanın sərhədlərin delimitasiyasına başlamağa dəvət edildiyini bildirmişdir.
Dövlət sərhədlərinin delimitasiyası Azərbaycan tərəfinin qarşısında duran həll olunması vacib əsas məsələlərdən biridir. Ancaq Ermənistanın bu məsələyə ciddi yanaşmaması, əldə olunan razılığın həyata keçməsinə maneə yaradır. Belə ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı ilk ikitərəfli görüşün keçirilməsi 29 aprel 2022-ci il tarixdə baş tutmalı idi. Ancaq Ermənistan rəhbərliyinin qeyri-konstruktivlik nümayiş etdirməsi səbəbindən bu görüş təxirə salınaraq mayın 7-11 may tarixlərinə keçirilmişdi. Lakin bu dəfə də Ermənistan görüşün sərhəddə keçirilməsi təklifindən növbəti dəfə imtina edib. Görüşün təxirə salınmağı ilə əlaqədar Ermənistan rəhbərliyinin öz açıqlamasında komissiyaların görüşünün yalnız Moskvada keçirilməsi şərti ilə görüşə hazır olduqlarını bildirmişlər. Bu, bir daha Ermənistanın ikiüzlü siyasəti nəticəsində müstəqil siyasətinin olmamasının, təzyiqlər qarşısında istənilən razılaşmadan imtina etməsinin bariz nümunəsidir. Siyasət meydanında Ermənistan ikili oynamağı, erməni ictimaiyyətində xam xəyallar yaradaraq “hər keçən gün bizi arzularımıza daha yaxınlaşdırır” prinsipinin formalaşmasına zəmin yaradır.
44 günlük müharibədə məğlub olan Ermənistanda ölkə daxili vəziyyət olduqca gərgindir. Bir tərəfdən aparılan sülh danışıqlarının maddələri ilə razılaşmayan revanşist ermənilər, digər tərəfdən günü - gündən sosial vəziyyəti pisləşərək acınacaqlı halda olan xalqın etirazları sülh danışıqlarının aparılmasına mənfi təsir göstərir. Ona görə də Ermənistan rəhbərliyi dünya ictimaiyyətinə onun zamana ehtiyacı olduğunu göstərmək üçün bu kimi addımlar atır. Ancaq nəzərə alsaq ki, 30 ilə yaxın münaqişənin dinc yolla həll olunması üçün ermənilərin danışıq masasından müxtəlif bəhanələrlə boyun qaçırması bizdə belə bir fikir formalaşdırır ki, hal-hazırkı rəhbərlik məğlub olması ilə heç də razılaşmaq istəmir və Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkmək niyyətində deyildir.
44 günlük Vətən Müharibəsi zamanı Ermənistana onun himayədarları tərəfindən həm siyasi, həm də hərbi dəstək veriləcəyi barədə səsləndirilən sərsəm bəyanatlara qardaş Türkiyənin “əgər ikinci bir dövlət Azərbaycanın haqq işinə mane olmağa çalışarsa, müharibə meydaninda məndə varam“ bəyanatından sonra son qoyuldu. Görəsən yenə də xalqını səfalətə sürükləyən Ermənistan rəhbərliyi indi hansı havadarının şirin yalanlarına inanaraq hansı istəklərini həyata keçirməkdədir?!
Cənab Prezident İlham Əliyevin apardığı müdrik və düşünülmüş siyasət Azərbaycanı Avropa üçün regionda ən etibarlı və səmimi tərəfdaş kimi tanınmasına səbəb olmuşdur. Regionda düşmənçiliyə son qoyularaq sülhün və təhlükəsizliyin bərpa olunmasında və gələcəkdə baş verəcək hər hansı bir silahlı qarşıdurmanın, təxribatların qarşısının alınmasında Avropa İttifaqının xüsusi maraqları vardır.
06 aprel görüşlərində Azərbaycan tərəfindən təklif edilən beynəlxalq hüquqa əsaslanan 5 maddəlik baza prinsipləri üzrə dövlətlərarası öhdəliklərin yerinə yetirilməsinin hansı mərhələdə olduğunu aydınlaşdırılması məqsədi ilə 22 may 2022-ci il tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə 5 saat davam edən üçtərəfli görüş keçirilmişdir. Azərbaycanın irəli sürdüyü əsas prinsiplər görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı, hər iki dövlət rəhbərləri kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılığa gəldilər. Status məsələsinin hər hansı bir müzakirə obyektinin olmaması və "Dağlıq Qarabağ” ifadəsinin əvəzinə, yalnız Qarabağ sözünün işlədilməsi, sülh danışıqlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıldığının bariz göstəricisidir.
Görüş zamanı müzakirə olunan digər mövzulardan biri də Azərbaycanda yaşayan erməni əhalisinin hüquqlarının bərpa olmasıdır. Bu barədə Prezident İlham Əliyev öz çıxışlarında bildirmişdir ki, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu, yalnız onların separatçı iddialarından əl çəkərək Azərbaycan vətəndaşlığını qəbul etməklə, qanunvericiliyin verdiyi hüquqlardan istifadə edə bilərlər. Azərbaycan dövləti onların təhlükəsizliyini təmin etməyə hazırdır.
Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində növbəti addımdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın növbəti diplomatik uğurudur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mətbuat konfransı zalına qalib bir millətin lideri kimi adımlayaraq gəlməsi və məğrur duruşu Qəhraman Azərbaycan xalqının ən layiqli şəkildə təmsil olunmasına sübutdur.