COP29-un məhz Azərbaycanda təşkil edilməsinin siyasi müstəvidə dövlətimizə xal qazandırması şübhəsizdir

COP29-un məhz Azərbaycanda təşkil edilməsinin siyasi müstəvidə dövlətimizə xal qazandırması şübhəsizdir
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan dövlətinin dünya səviyyəsində uğurla inkişaf edən və ardıcıl olaraq qarşısına qoyduğu məqsədlərə çatmağa istiqamətlənən fəaliyyəti ölkəmizi günbəgün daha böyük etimad sahibi edir. İstər irimiqyaslı layihələrin təşəbbüskarı və layiqli tərəfdaşı kimi təsdiqlənmiş imici, istər beynəlxalq hüquqa söykənən addımları, istərsə də haqlı iradəsini qəbul etdirmək bacarığı dövlətimizin beynəlxalq aləmdə nüfuz qazanmasını təmin etmişdir. Az müddət əvvəl Azərbaycanın suveren hüquqlarının bərpası məqsədi ilə keçirilən antiterror əməliyyatı qısa vaxt ərzində verdiyi uğurlu nəticə ilə ölkə ictimaiyyətinin sevincinə səbəb olmaqla yanaşı həm də vətənimizin siyasi mövqeyinin nə qədər prinsipial və sarsılmaz olduğunu dünyaya çatdırdı.

Dövlətimizin hərbi-siyasi müstəvidə nümayiş etdirdiyi cəsarət və ədalət onun beynəlxalq aləmdə inam qazanmasına səbəb olmuşdur. Yeni-yeni layihələrin planlanması ilə bağlı tədbirlərin, beynəlxalq konfransların və böyük təşkilatların zirvə görüşlərinin vətənimizdə təşkil olunması siyasi sabit və öhdəliklərini məsuliyyətlə yerinə yetirən tərəf olduğumuzun daha bir nümunəsidir. Heç təsadüfi deyil ki, keçirilməsi 2024-cü ilə planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 üçün seçilən məkan məhz ölkəmiz olmuşdur.

Nəzərə alsaq ki, buna COP28-də iştirak edən 195-dən çox dünya ölkəsinin yekdil fikri ilə qərar verilmişdir o zaman Azərbaycanın dünya miqyasında malik olduğu nüfuz aydın olur. Təbii ki, bu etimad daha əvvəl ölkəmizdə baş tutmuş yüksək səviyyəli görüşlərin layiqincə həyata keçirilməsinin davamı olaraq meydana çıxmışdır. Bütün bunlarla yanaşı belə mötəbər bir tədbirin - COP29-un məhz Azərbaycanda təşkil edilməsinin siyasi müstəvidə də dövlətimizə xal qazandırması şübhəsizdir. Bu qərar bəzi Qərb ölkələrinin 2023-cü ilin sentyabr ayında öz ərazimizdə separatçılığa qarşı keçirdiyimiz lokal antiterror əməliyyatına fərqli don geydirmə cəhdlərinin əbəs olduğunu və artıq onların özlərinin də ədalətin təntənəsi ilə barışmağa məcbur qaldıqlarını göz önünə çıxarır.

Antiterror əməliyyatlarının beynəlxalq hüquq çərçivəsində və humanitar normalara əməl olunmaqla həyata keçirilməsi əlavə şərhə ehtiyac yaratmasa da Fransa kimi ölkələrdə bəzi siyasi liderlərin ikili standartlara söykənən əsassız iddiaları bu gün də ürək bulandırmağa davam edir. Lakin həqiqət öz sərt duruşu ilə hər kəsin baxışını ram etməyə qadirdir və COP29-un Azərbaycanda keçirilməsinə tərəfdar çıxan ölkələrin mövqeyi bunu bir daha təsdiq edir. Bu həm də onu göstərir ki, dövlətimizə münasibətdə dünyanın ümumi fikrini 30-40 ölkənin düşüncəsi deyil daha geniş coğrafiyada yerləşən və daha böyük əraziləri əhatə edən dövlətlərin yanaşması müəyyənləşdirir.

Bu məqamda Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etməsini də xatırlamaq yerinə düşər. Belə ki, sözügedən sədrliyin 120 ölkənin dəstəyi ilə mümkün olması da vətənimizə olan böyük etimadın daha bir göstəricisidir. Beynəlxalq aləmdə özünü təsdiq etməyi bacaran Azərbaycan bundan sonrakı dövrdə dünyanın həllinə çalışdığı məslələrdə aparıcı mövqeyə və həlledici statusa malik olmaq və hər şeydən əvvəl planetimizin daha təhlükəsiz mövcudiyyətinə və daha uğurlu inkişafına töhfələr vermək üçün çalışmalarına davam edəcəkdir. 70-80 min xarici qonağın iştirakının ehtimal olunduğu COP29 da bu mənada yeni imkanlar yaradacaqdır. İştirakçılarının tərkibini əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər maraqlı tərəflərin təşkil edəcəyi COP29 həm də vətənimizdə bu günə qədər keçirilən ən böyük tədbir olacaqdır. Cari ilin 15 dekabr tarixində keçirilmiş COP29-un ölkəmizdə təşkilinə dair ilk müşavirənin sədrliyinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi də bu beynəlxalq tədbirin məsuliyyət yükünü bir daha xatırladır. Ölkə başçısının müşavirədəki çıxışında ifadə olunan fikirlər COP29 çərçivəsində dünyaya yaşıl enerji ilə bağlı sərfəli və real təkliflərlə xitab ediləcəyini də istisna etmir. Belə görünür ki, Azərbaycan dünyanı yaxşı mənada təəccübləndirməyə davam edəcəkdir.