Röya İslamova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru
Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Qlobal istiləşmə, dünya bazarlarında ənənəvi enerjinin qiymət dəyişikliyi, böhran və sair problemlər, həmçinin innovativ texnologiyaların əhəmiyyətinin cəmiyyətlər tərəfindən qəbul edilməsi bütün dünyada “yaşıl enerji” sektorunun yaxın gələcəkdə sürətlə inkişaf edəcəyini bariz şəkildə nümayiş etdirir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarını, (sularını) atmosferini daha çox çirkləndirir. Bütün bunları əvvəlcədən görən Ulu Öndər Heydər Əliyev hələ neçə illər öncə demişdir: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir.”
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və onların uğurla nəticələnəcəyinə şübhə yoxdur. Bu bölgəyə digər böyük şirkətlər maraq göstərirlər.
Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və gələcəkdə digər bazarlara da çıxacaq. Azərbaycanın digər ölkələrlə müqayisədə üstünlüyü bütün regionda "yaşıl" enerjinin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınmasından ibarətdir. Özünü ənənəvi resursların etibarlı təchizatçısı kimi təsdiqləmiş Azərbaycan əldə olunanlarla kifayətlənmək niyyətində deyil. Ölkənin "yaşıl" enerji ixracı üzrə iddialı planları geniş vüsət alır və artıq konkret təşəbbüslərdə həyata keçirilməyə başlayır. Qarabağı "yaşıl" enerji zonası elan edən Azərbaycan dekarbonizasiya, qlobal tendensiyalara doğru səylər və öz iqtisadiyyatının inkişafı istiqamətində mühüm addım atıb. Bu gün Azərbaycanda, o cümlədən, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə həmçinin alternativ enerji istehsalçısı və ixracçısına çevrilməsi üçün əsas təşkil edəcək.
Prezident İlham Əliyevin yeritdiyi siyasət Azərbaycanı regionun aparıcı investisiya qovşağına çevirib və öz pullarını ölkədəki perspektiv layihələrə yatırmaq arzusunda olanların sayı bunu təsdiqləyir. Azərbaycan bunun üçün lazımi şəraiti yaradıb ki, buraya yüksək potensial, dövlət siyasətinin alternativ enerjinin inkişafı və yeni hüquqi bazaya yönəlməsi daxildir.