Bütün nümunəvi inkişaf modelləri Qarabağda, o cümlədən də Suqovuşanda tətbiq olunur
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri
Tarixi Azərbaycan diyarı olan Suqovuşanda gedəndöyüşləri İkinci Qarabağ Müharibəsinin mübaliğəsiz ən önəmli hissəsini təşkil etməkdə idi. Talış və Suqovuşan qəsəbələri Qarabağ xanlığının əraziləridir. Vaxtı ilə 1923-cü ildə qanunsuz və əsassız olaraq yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə Şuşa ilə birlikdə bu ərazilər də daxil edilmişdir. Ermənilər Sovetlər Birliyinin havadarlığı ilə bu ərazilərdə yaşayan əhalinin milli tərkibi ilə birlikdə toponimləri də dəyişib özləri kimi uydurma adlar qoymuşdular. Madagiz adı Suqovuşan azad edildikdən dərhal sonra dəyişdirilərək öz tarixi adı ilə əvəz olunmuşdur. Cənab Prezidentin bununla bağlı tarixi tvitter paylaşımını xalqımız indi də böyük fərəh hissi ilə xatırlamaqdadır.
Azad Suqovuşanda da digər azad olunmuş torpaqlarımız kimi inkişafın və bərpa prosesinin yeni modeli həyata keçirilməkdədir. Ölkəmizdə, hətta regionda həyata keçirilməmiş ən yeni standartlar, ən yeni baxış bucaqları məhz Qarabağda icra olunur. Peşəkarların dili ilə desək,bərpa prosesində yeni Qarabağ standartları tədbiq olunmaqdadır. Prezidentin sonuncu Suqovuşan səfəri bir daha sübut etdi ki, məhz nümunəvi inkişaf modelləriQarabağda, o cümlədən Suqovuşanda da tətbiq olunur. Dövlətin əsas məqsədi, məramı insanları sürətlə və layiqli şəkildə öz torpaqlarına qaytarmaqdan ibarətdir. Bir çox nümunəvi layihələrin icrası sayəsində Suqovuşan inkişafın Azərbaycan modelinə artıq qoşulmuşdur. İnsanların geriyə qayıtması ilə bu proses daha da sürətlə həyata keçiriləcəkdir.
Qəsəbə ümumilikdə Azərbaycan enerji bazasında daxil edilib. Elektrik enerjisi ilə kəsintisiz və davamlı təmin olunan qədim diyarımızda ən müasir standartlar tətbiq olunmuşdur. Döyüş əməliyyatları zamanı qismən dağıdılmış evlərin bərpa edilməsində müasirliklə yanaşı yerli ornamentlərin də nəzərə alınması təqdirəlayiq haldır. İstirahət, kurort zonası olan Suqovuşana köçəcək hər bir ailə gərək 30 illik həsrətin acılarını unuda bilsin. Bunun üçün isə onlara hər bir şərait yaradılmaqdadır. İlkin mərhələdə 16 ev təmir olunub və tezliklə qəsəbəyə köçlər başlayacaqdır. Eyni zamanda da qəsəbədə yaşayacaq məktəblilər üçün 140 şagirdlik 12 sinif otağından ibarət məktəbin yenidən təmir olunması haqqında Prezidentin yerində verdiyi tapşırıqlar böyük əhəmiyyətə malikdir. Yeni nəsilin öz dədə-baba torpaqlarında keyfiyyətli təhsil alması üçün yaradılacaq ən müasir şərait gələcəkdə böyük uğurlara qoyulmuş sərmayədir.
Uzun illər erməni işğalı, ondan əvvəl isə DQMV-nin tərkibində olmasının nəticəsində Suqovuşanda bütün tarixi abidələrimiz kimi məscid də dağıdılmışdır. Bununla da bölgədə izlərimizi silmyə çalışıblar. Lakin biz qayıtmışıq və dövlət başçısının tapşırığına əsasən bütün azad olunmuş ərazilərdə milli dəyərlərimizlə yanaşı, mənəviyyat nümunələri olan məscidlərimiz də bərpa olunur və yaxud da yenidən tikilir. Eyni tendensiya bütün Qarabağda mövcuddur. Başda Şuşada olan məscidərlə yanaşı bütün Qarabağda və Şərqi Zəngəzurda mənəvi varlıqların bərpası ümumi qayıdış planının vacib hissəsini təşkil etməkdədir.
Prezident cənab İlham Əliyevin hər zaman vurğuladığı bir amil vardır ki, biz başımıza gətirilən müsibətləri unutmamalıyıq, düşmənə güvənməməliyik və hər zaman güclü olmalıyıq. Suqovuşanda yeni silahlarla təchiz olunmuş müasir hərbi hissənin açılması müxtəlif zamanlarda iki müxtəlif məqsədə xidmət edəcəkdir. Sülh şəraitində sülhün və əməkdaşlığın qarantı olacaqdır. Müharibəyə, sülhüpozma hallarına cəhd olunduğu təqdirdə isə düşmənin layiqli cavabı veriləcəkdir.
Bütün işğaldan azad olunmuş torpaqlarımız bizlər üçün əzizdir və cənab Ali Baş Komandan növbə həmin ərazilərdə olur. Prezident Şuşadan sonra ikinci dəfə bayram tonqalını Suqovuşanda alovlandırdı və öz təbrikini sevimli xalqına çatdırdı. Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran cənab Prezident sistemli şəkildə həyata keçirilən bərpa prosesinə məhz özü rəhbərlik edir. Ən vacib məqam ondan ibarətdir ki, Prezident öz xalqı tərəfindən hər addımında dəstəklənir və xalq öz gələcəyini rəhbərinə etibar edir. Biz daha bayram təbriklərində “Şuşada, Ağdamda və digər regionlarda qeyd edərik” demirik. Biz indi Cənab Prezidentin simasında öz bayramlarımızı məğrur və qalib xalq kimi azad olunmuş ərazilərimizdə qeyd edirik.