Bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Hövsan bələdiyyəsinin sədri
Möhtərəm Prezident Cənab İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünya nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır.
Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin 14 sentyabr tarixində Tacikistana səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi bu əlaqələrin inkişafına yeni bir təkan verəcək. Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən, regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayının 5-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə etdiyi dövlət səfəri də Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə böyük töhfə olmuşdur.
Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.