Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir

Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir
Natiq Həsənov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Bülbülə Bələdiyyəsinin sədri

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycanla İran sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında hələ 47 il əvvəl - 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb.Artıq «Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda «Xudafərin»də 503 milyon kubmetr, «Qız Qalası» su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Dövlətimizin rəhbərinin uzaqgörən siyasətinin, dəqiq hesablanmış strateji yanaşmalarının nəticəsidir ki, bu gün biz Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsinin şahidiyik. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. 

Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.Göründüyü kimi, “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.

Bu gün, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Bizim digər sahələrdə də əməkdaşlığımız həm ölkələrimizi gücləndirir, eyni zamanda, regional əməkdaşlığa da fayda verir. Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır.

Təbii ki, bütün planları həyata keçirmək üçün gələcəkdə  yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır. Əfsuslar olsun ki, uzun illər burada vəziyyət tam başqa istiqamətdə cərəyan etmişdir. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir.

Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq.