Biz - gənclər Milli Qurtuluş ideyasının mənəvi davamçılarıyıq

Ayxan Aslanlı
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Dövlət İqtisad Üniversitetinin tələbəsi
Bu gün biz tariximizin dönüş nöqtələrindən biri olan Milli Qurtuluş Gününü qeyd edirik. 1993-cü ilin iyununda xalqın çağırışına cavab verən Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı təkcə bir siyasi hadisə deyildi — bu, dövlətçiliyimizin yenidən dirçəliş anı idi. O vaxta qədərki idarəetmədəki səriştəsizlik, siyasi parçalanma və təhlükəli xaos şəraiti ölkəni iflasa aparırdı. Məhz Heydər Əliyevin qayıdışı ilə bu böhranlı dövrə son qoyuldu, sabitlik bərpa olundu, strateji inkişaf kursu müəyyənləşdirildi və bu gün bizim həyatımıza təsir edən bir çox fundamental dəyişikliklərin əsası qoyuldu.
Tarixin bizə miras qoyduğu bu sabitlik üzərində yeni bir cəmiyyət formalaşıb. Bu gün Azərbaycan sürətlə inkişaf edən, regionda lider mövqeyə sahib bir dövlətdir. Lakin bu inkişafı davam etdirmək üçün yeni nəsil — yəni biz gənclər — üzərimizə düşən rolu dərk etməliyik. Zaman dəyişir, texnologiyalar irəliləyir, cəmiyyət dinamikləşir. Amma gənclik anlayışının əsas mahiyyəti dəyişməz qalır: yenilik, enerji və inam. Lakin artıq bu xüsusiyyətlər yetərli deyil. Müasir dövrdə Azərbaycan gəncindən yalnız potensial deyil, eyni zamanda konkret fəaliyyət, nəticə və məsuliyyət tələb olunur. Bu tələb isə təkcə sözlə deyil, əməli addımlarla cavablandırılmalıdır.
Dövlətin bizə təqdim etdiyi geniş imkanlara nəzər yetirsək, məsuliyyətin böyüklüyünü daha aydın dərk edirik. Təqaüdlər, xaricdə təhsil proqramları, Gənclər Fondu tərəfindən dəstəklənən layihələr, startap təşəbbüslərinə ayrılan qrantlar — bütün bunlar bizdən bacarıq, prinsipiallıq və milli məsuliyyət tələb edir. Bu, təkcə mənim mövqeyim deyil. Eyni hissləri digər gənc dostlarımda da müşahidə edirəm. Bu, təsadüfi deyil. Çünki bizim formalaşmağımızda, cəmiyyətə baxışımızda, dövlətə və ideologiyaya bağlılığımızda Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının danılmaz rolu var. Bu təşkilat bizə sadəcə təşkilati çərçivədə deyil, həm də düşüncə və fəaliyyət məktəbi olub. Burada biz yalnız çıxışlar etmirik, həm də yetişirik, öyrənirik, vətənə necə faydalı ola biləcəyimizi müzakirə edirik.
Gəlin indi konkret olaraq, bu gün bizdən nə tələb olunduğuna keçək:
Birincisi, bilikli və funksional olmaq. Sadəcə ixtisas sahibi olmaq kifayət deyil. Biz ixtisasımızın dərinliyini başa düşməli, onu cəmiyyətin rifahı üçün tətbiq etməyi bacarmalıyıq. Əldə etdiyimiz bilikləri mənəvi məsuliyyət çərçivəsində istifadə etməliyik.
İkincisi, milli və sosial dəyərlərə sadiqlik. Bu gün biz yalnız fərdi uğurlar deyil, həm də ümummilli məqsədlərə töhfə verməliyik. Qarabağ Zəfəri ilə əldə etdiyimiz tarixi qələbə təkcə ordunun deyil, bütün xalqın, o cümlədən gənclərin birliyinin təzahürü idi. İndi isə bu zəfəri sosial, iqtisadi və mədəni sahədə davam etdirmək gəncliyin əsas vəzifəsidir.
Üçüncüsü, aktiv ictimai iştirakçılıq. Dövlətin və cəmiyyətin gələcəyinə laqeyd qalmamaq bizim borcumuzdur. Biz ictimai təşəbbüslərdə iştirak etməli, bələdiyyə və parlament səviyyəsində təmsil olunmaq üçün təşəbbüskar olmalıyıq. Sadəcə müşahidə edən yox, prosesləri formalaşdıran tərəf olmalıyıq.
Bütün bu məsələlərin fonunda bir vacib məsələni də xüsusi qeyd etməliyik. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti uzunmüddətli və sistemli yanaşmaya əsaslanır. Bu siyasətin əsasında dayanan əsas ideya gənclərin şəxsiyyət kimi formalaşması və onların bilik, bacarıq və dəyərlərlə silahlanmasıdır. Bu gün Azərbaycanda gənclər siyasəti sadəcə tədbirlər toplusu deyil, real strateji istiqamətdir.
Bu strateji istiqamətin həyata keçirilməsində Yeni Azərbaycan Partiyası da xüsusi rol oynayır. Bu partiya gənclərə yalnız bir siyasi platforma təqdim etmir. YAP bir məktəbdir — milli idealların, dövlətçilik təfəkkürünün və ictimai məsuliyyətin öyrədildiyi bir mərkəzdir. Bu partiya gənclərdən sadəcə üzvlük və loyallıq deyil, fəal mövqe, düşüncə dərinliyi və təşəbbüskarlıq tələb edir.
Sonda vurğulamaq istərdim ki, dövlət bizə güvənir və biz bu güvəni doğrultmalıyıq. Əlimizdə olan imkanları layiqincə dəyərləndirib, cəmiyyətin inkişafı üçün istifadə etməliyik. Yalnız bu halda biz- gənclər Milli Qurtuluş ideyasının mənəvi davamçıları ola bilərik və davamçılarıyıq. Bu gün bizə tarixdən miras qalan sabitliyi və əmin-amanlığı qorumaq və inkişaf etdirmək vəzifəsi düşür.
Milli Qurtuluş Günü bir çağırışdır. Bu çağırışa cavab vermək üçün düşünən, bacaran, vətəninə bağlı gənclər olmağımız şərtdir.