Səadət Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin müəllimi
Vətənimiz Azərbaycan tarix boyu bir sıra çətiniklərlə üzləşmiş, ağrılı-acılı günlər yaşamışdır. Bunlardan ən uzunu, dəfələrlə təkrarlananı və 200 ildən çox davam edəni isə ermənilər tərəfindən xalqımıza qarşı olan düşmənçilik siyasətidir. Ermənilər tarixi Azərbaycan torpaqlarında məskunlaşdıqdan sonra digər millətlər kimi xalqımız ilə dostuq münasibətində olmamış, üzdə “dost” görünsələr də, hiyləgərcəsinə daim öz məkrli siyasətlərini həyata keçirməyə çalışmışlar. 1905-1907-ci illərdə, 1918-ci ildə yüz minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi, 1948-1956-cı illərdə Ermənistandakı öz dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlının deportasiya olunması, 1987-ci ildən başlayaraq isə 300 minə yaxın azərbaycanlının öz doğma yurdundan qovulnması bunun əyani sübutudur. 1988-ci ildən başlayan Qarabağ hadisələri isə bütün bunların davamı idi və erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı ağlasığmaz ideyasını həyata keçirməyə yönəlmişdi. Xarici havadarları tərəfindən silahandırılan ermənilər həm də dünya miqyasında misli görünməmiş, qəddarlığı ilə seçilən bir cinayəti – Xocalı soyqırımını da törətmişlər. Bütün bunlara baxmayaraq dəfələrlə təkrarlanan belə hadisələrə ilk siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə verilmişdir. 1998-ci ildən etibarən 31 Mart tarixi Azərbaycanlıların soyqırımı Günü kimi qeyd olunur.
Təəssüf ki, Qarabağda baş verənlərin həllinə yox, dondurulmasına çalışan ATƏM (indiki ATƏT) 29 il ərzində həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəsləmişdir və beynəxalq qətnamələr kağız üzərində qalmışdır. Diğər bir mötəbər təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir.
İllərlə davam edən erməni vandalizmi nəticəsində dağıdılmış yurd yerlərimiz, 30 il ərzində ərazilərimizdə törədilmiş təxribatlar, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açılması, onlara rahat yaşamağa imkan verilməməsi cavabsız qala bilməzdi. 2016-ci ildə aprel ayında və 2020-ci il iyul ayında Tovuz döyüşəri zamanı Azərbaycan bu işğalla, ədalətsizliklə barışmayacağını nümayiş etdirdi. Bu döyüşlərdən nəticə çıxarmayan, diversiyalar törətməkdə davam edən Ermənistanın 27 sentyabr 2020-ci il tarixində atəşkəs rejimini kobud şəkildə pozması isə Azərbaycan xalqının “səbir kasasına” son qoydu. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı ilin əvvəllərində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı ordumuz Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Bu isə cəmi 44 gün çəkdi. O 44 gün ki, nəinki Azərbaycanda, bütün dünyada yaşayan azərbaycanlılar hər gün cəbhədə baş verənləri səbirsizlik ilə izləyir, ürəyi Azərbaycan ilə döyünürdü. Həmin 44 gün ki, bütün dünyaya Azərbaycan ordusunun gücünü, qardaş Türkiyə dövlətinin xalqımızla həmrəyliyini, qisasın yerdə qalmayacağını sübut etdi. O 44 gün ki, bütün dünyaya erməni vandalizminin nəticələrini, ərazilərimizin yerlə-yeksan edildiyini və bu torpaqlarda heç bir quruculuq işinin aparılmadığını əyani şəkildə göstərdi. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz isə bizim qürur mənbəyimizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək “Biz bu qələbəyə görə onlara borcluyuq”.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, müharibə ərzində Prezident İlham Əliyev informasiya cəbhəsində də aparıcı dünya mediası qurumlarına müsahibə verməklə haqqı səsləndirərək Ermənistanın bütün təbliğatının üzərindən xətt çəkdi. Bu müsahibələrdə dəfələrlə atılan bütün addımların beynəlxalq hüququn norma və prinsipəri əsasında olduğu vurğulandı. Şanlı qələbədə əməyi keçən hər kəs dövlətimizin diqqət mərkəzindədir. Rəhbərimiz Vətən ugrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsini əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini daim diqqət mətkəzində saxlayır.
44 gün ərzində 30 illik həsrətə son qoyan, misilsiz qəhrəmanlıq göstərərək həlak olan əsgər və zabitlərimiz, qazilərimiz hər an ehtiramla yad edilir və ediləcəkdir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən şəhidlərimizə dərin ehtiramının ifadəsidir. Anım günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir. Anım günündə və hər zaman tarixi ərazilərimizi geri qaytaran, Birinci Qarabağ müharibəsində, dəhşətli Xocalı soyqırımında həlak olanların qisasını alan və bizlərə qələbə hissini yaşadan şəhidlərimizi yad etmək hər bir azərbaycanlının borcudur.