Biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik

Biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik
Fərəh Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
Bu gün Avropanın enerji təhlükəsizliyinin qarantı olan Azərbaycanın artan nüfuzunun bir ənənəyə də söykəndiyini görürük. Belə ki, son 30 ildə ardıcıl olaraq təşkil edilən, cari ilin 4 iyun tarixində yenidən baş tutan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindən söz açmaq istəyirəm. Mərasimi açıq elan edən Prezident İlham Əliyev öz nitqində bu sərginin əsas mahiyyətindən danışmışdır: “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir”.
Açılış mərasimində ölkə başçısı İlham Əliyev otuz il bundan əvvəlki Azərbaycanın başqa bir vəziyyətdə olduğunu 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası, qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olunduğunu, hər səkkiz nəfərdən biri məcburi köçkün olduğunu və bizim humanitar fəlakətlə üzləşdiyimizi söyləmişdir. 1993-cü ilin vətəndaş müharibəsinin ölkəni uçuruma apardığını, Azərbaycanın investorlar üçün çox riskli ölkə hesab olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran İlham Əliyev həmçinin bildirmişdir ki, ”Müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi”.
Amma 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdlərindən bəhs edən Prezident İlham Əliyev ilk sərginin təşkilinin tarixi bir hadisəyə səbəb olduğunu xatirələrimizdə canlandırdı. Ölkə başçısı öz çıxışında bildirdi ki,” Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər”
“Əsrin müqaviləsi” nəticəsində üç il müddətində “Çıraq” platformasından ilk neftin hasil olunduğu neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra xəyallara güclə gətirilə bilən, Heydər Əliyev dühasının uzaqgörən siyasəti nəticəsində çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.
Çıxışında Azərbaycanın özünü artıq etibarlı tərəfdaş kimi sübut etdiyini və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldığını söyləyən İlham Əliyev eyni zamanda “Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdığını səkkiz Avropa ölkəsinin Azərbaycandan qaz aldığını və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu gələcəkdə də qaz təchizatımızın coğrafiyası artacağını, idxaldan asılı olan ölkələrin, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtardığını qeyd edən Azərbycan Prezidenti dövlətçiliyimiz adına “Bizim sözümüz imzamız qədər dəyərlidir” demişdir. Həmçinin ölkə başçısı əlavə etmişdir ki, “Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibarlı onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.
Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialının varlığında bəhs edən ölkə Prezidenti “2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir. - Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir” söyləmişdir.”
Son illərdə hər birimizi narahat edən məsələyə də aydınlıq gətirən Prezident İlham Əliyev “Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil. Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik” demişdir.
Çıxışının sonunda tədbir iştirakçılarının diqqətini dövlətimizin prioritetlərinə yönəldən ölkə rəhbəri neft və qaz sənayesinin fəsadlarına da toxunmuş və “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq” söyləmişdir.
2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edən dövlət başçımız “Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik” fikri ilə çıxışını tamamlamışdır.
Azərbaycan iqtisadi sahədə qazandığı uğurları ilə də, təbiətin yarasını sarımaqla, təbiətə dəymiş zərərin yüksək səviyyədə ödənilməsi ilə də dünya dövlətlərinə misal olacaq səviyyəyədədir. Bunu sadə formada izləməklə də müşahidə etmək olar. Daha gözəl gələcəyə inamımız artır.