Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı

Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı
Seyid Seyidov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu, Zığ QİƏD üzrə nümayəndəsinin müavini
Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.
Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir.
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Laçın-Xankəndi yolunun açıq olduğunu göstərən foto və videogörüntülər yerli və beynəlxalq KİV-lərdə yayılıb. Eyni zamanda, əcnəbi qonaqların, jurnalistlərin, ölkəmizdə akkreditasiyadan keçmiş beynəlxlaq təşkilatların nümayəndələrinin, diplomatik korpus və səfirliklərin təmsilçilərinin əraziyə davamlı səfərləri təşkil edilib. Beləliklə, Ermənistanın yalan kampaniya apardığı konkret faktlarla sübuta yetirilib.
Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Laçın-Xankəndi yolundan hərbi təchizat və təxribat məqsədləri üçün yararlanmağa çalışdığını dəfələrlə bildirib, bununla bağlı əyani faktları təqdim edib. Azad edilmiş ərazilərdə, xüsusilə də Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkarlanması buna əyani sübut olub. BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı xunta rejimində dərin məyusluq yaradıb. Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. Əslində, BMT-nin son qərarından sonra bu prosesin sürətlənəcəyini də əminliklə söyləmək olar.