Bakıda keçirilən Konqres ölkəmizin kosmik sənayesinin inkişafına və müasirləşdirilməsinə yeni təkan verəcəkdir

Bakıda keçirilən Konqres ölkəmizin kosmik sənayesinin inkişafına və müasirləşdirilməsinə yeni təkan verəcəkdir

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri 

Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin direktoru

Oktyabrın 2-dən etibarən dünya kosmik ailəsinin diqqəti 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirildiyi Bakıya yönəlib. Bu möhtəşəm tədbirə dünyanın 100-dən çox ölkəsindən təxminən 5 min təmsilçi qatılıb. Xatırladaq ki, konqresin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq səviyyədə ölkəmizə artan inamın ifadəsidir.

“Qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə biz həyat tərzimizin bu faktorunu gücləndirmişik. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların qərarlarında öz əksini tapıb". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı bildirib.

Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən, irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə imkan yaradıb. Bu məkanda bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbət fəaliyyət göstərir. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər vermiş olur. Bu gün Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir.

"BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir" – deyən Prezident bildirib ki, ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır. Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir. Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu dəyərlərin təşviqində müvafiq rol oynayır. Bakıda keçirilən bütün beynəlxalq tədbirlər kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından, əhəmiyyəti yüksək qiymətləndirilir.

Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına yüksək önəm verdiyini bir daha ortaya qoymuş olur. Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması digər ölkələrlə rəqabətdə üstünlüyə gətirib çıxarır.

Azərbaycan müasir dövlət kimi inkişaf edir. Buna uyğun olaraq da ölkəmiz özünün yeni inkişaf paradiqmalarını müəyyənləşdirib ki, kosmik sahə də bu sırada yer alır. Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında respublikamızın kosmik sahənin inkişafı ilə bağlı hədəflərini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.

Qeyd edək ki, Azərbaycan MDB məkanında kosmosa peyklər buraxan azsaylı ölkələr sırasında yer alır. Xatırladaq ki, birinci süni peykimiz olan “Azerspace-1” 2013-cü il fevral ayının 8-də Cənubi Amerikada yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılıb. Əhatə dairəsi  Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədi daşıyır. Dəyəri  233 milyon dollar olan peykin istismar müddəti ən azı 15 ildir.

Azərbaycanın 2014-cü il iyunun 30-da orbitə göndərdiyi ikinci peyk isə “Azersky” adlı müşahidə peykidir. Dəyəri 157 milyon avro olan “Azersky” əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir. Sayca üçüncü peykimiz sayılan  “Azerspace-2” isə 2018-ci il sentyabrın 26-da  yenə də Kuru kosmodromundan orbitə buraxılıb. Peykin əhatə dairəsi  Avropa, Yaxın Şərq, Tropik Afrika, Mərkəzi və Cənubi Asiyadır. 190 milyon dollara başa gələn “Azerspace-2”nin istismar müddəti 20 ildir.

Əlamətdar haldır ki, hazırda Azərbaycan həm də innovativ məhsulların, o cümlədən də kosmik xidmətlərin ixracını həyata keçirir. Qürurverici haldır ki, hazırda “Azərkosmos”un ixrac portfelində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təmsil olunurlar.