Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi

Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi

Aynur Əsgərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin tarix müəlimi

Hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. Milli ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik tarixinin yaranmasının ən mühüm mərhələlərindən biridir. Belə ki, 1918-ci il mayın 28-də  müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökümətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunuhn adının dəyişdirilərək Əlahiddə Azərbyacan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi.

Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələr Günü kimi bayram edilir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Ordu quruculuğu sahəsində mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi- texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəldilməsinə stimul oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq”  proqramına, 1996-cı ildə “ Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli vəzifəsini uğurla davam etdirir. Cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbyacana öz ordusunun zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları genişlənir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zadovlarında istehsal etiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi Əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirirlən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı  başlayan əks-hücum əməliyyatlarında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Orudusu 30 ilə yaxın müddətdə düşmən işğalı altında olan torpaqlarımızı azad edərək tarixi nailiyyətə imza atdı. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqımızın yaddaşında yaşayacaqdır. Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Prezidentimiz İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Ordumuzun şücaəti və xalqımızln birliyi sayəsində qazanılmış Zəfərlə  qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir.

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi baxımdan daha səviyyəli formalaşdırılmasında başlıca amildir. Həmişə də belə olacaq. Çünki bu Zəfər Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik qüdrətinin Zəfəridir. Bu Zəfər tarixi ədalətin Zəfəridir!

Ümummilli liderimiz  Heydər Əliyev demişdir. ”Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır! Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir.”

Yaşasın Azərbaycan Ordusu!