Kəmalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı öz tarixinin ən qanlı və eyni zamanda ən şərəfli səhifələrindən birini yaşadı. "Bakı əməliyyatı" adı altında həyata keçirilən bu hərbi müdaxilə, sadəcə bir daxili iğtişaşın qarşısının alınması deyil, dinc əhaliyə qarşı öncədən planlaşdırılmış və amansızlıqla icra edilmiş bir cinayət aktı idi. Bu məqalədə hadisənin hərbi-siyasi mahiyyəti, "Bakı əməliyyatı"nın pərdəarxası məqamları və bu cinayətin beynəlxalq hüquq müstəvisindəki yeri təhlil olunur.
1990-cı il faciəsi təsadüfi bir partlayış deyildi; bu hadisə 1987-ci ildən başlayan mürəkkəb siyasi proseslərin kulminasiya nöqtəsi idi. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri xalqın səbir kasasını daşırmışdı. Sovet rəhbərliyi isə gərginliyi azaltmaq əvəzinə, ona qarşı totalitar bir hücum planı hazırlamışdı. "Bakı əməliyyatı"nın ən qaranlıq tərəflərindən biri hərbi kontingentin tərkibi ilə bağlı idi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları xüsusi olaraq cəlb edilmişdi. Bu fakt, əməliyyatın dinc əhaliyə qarşı daha böyük nifrət və amansızlıqla keçirilməsini təmin etmək məqsədi daşıyırdı.
Əməliyyatın miqyası sarsıdıcı idi. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox şəxsi heyəti Bakıya gətirilmişdi. Qoşunlar Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda və Salyan kazarmasında strateji nöqtələrdə yerləşdirilmişdi. Əməliyyata rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər.
Əməliyyatın qəddarlığı fövqəladə vəziyyət elanının gizlədilməsi ilə daha da artırıldı. Əhali fövqəladə vəziyyət haqqında xəbərdar edilməmişdi. Qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən şəhərə yeridildi, halbuki rəsmi sənədlərdə fövqəladə vəziyyətin yanvarın 20-si saat 00:00-dan tətbiq edilməsi nəzərdə tutulmuşdu. Bu 3 saatlıq "boşluq" zamanı hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirdilər. Bakı şəhərinin komendantı V.Dubinyak yalnız yanvarın 20-də səhər saat 5:30-da radio vasitəsilə fövqəladə vəziyyətin tətbiqi barədə məlumat verdi. Bu vaxta qədər isə artıq tanklar küçələri qana boyamış, Xəzər Hərbi Donanması şəhərə desant çıxarmışdı.
Sovet ordusunun xüsusi qəddarlığı nəticəsində qadınlar, qocalar və uşaqlar da daxil olmaqla silahsız insanlar ağır texnikadan atəşə tutuldu. Ümumilikdə respublika üzrə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı və 841 nəfər qanunsuz həbs olundu. Dağıntıların miqyası da böyük idi: 200 ev və mənzil, 80 avtomaşın (o cümədən təcili yardım maşınları) məhv edildi. Maddi ziyan o dövrün qiymətləri ilə 5.6 milyon rubldan çox idi. Bu qanlı aksiya Sovet imperiyasının Azərbaycandakı siyasi və hüquqi dayaqlarını birdəfəlik itirməsi ilə nəticələndi. Xalqın rejimə olan nifrəti elə bir həddə çatdı ki, insanlar kütləvi şəkildə partiya biletlərini ataraq Sov.İKP sıralarını tərk etdilər.
"Bakı əməliyyatı"na ilk və ən kəskin reaksiyanı Ümummilli Lider Heydər Əliyev verdi. Faciənin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn Lider, bu terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandırdı. O, respublika rəhbərliyinə rəhbərlik edən Vəzirovun öz xalqını qoyub qaçmasını kəskin tənqid etdi. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Milli Məclis səviyyəsində faciəyə ilk dövlət qiymətinin verilməsinə nail oldu. Qəbul edilmiş sənəddə 20 Yanvar hadisələri "totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət" kimi xarakterizə edildi.
Bu gün Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin xatirəsini uca tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. 2025-ci il islahatları ilə şəhid ailələri üçün Prezident təqaüdü 700 manata çatdırılıb, əlilliyi olan şəxslərə və onların qulluqçularına ödənilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının "20 Yanvar" dairəsində ucaldılan memorial kompleks bu qanlı tarixin yaddaşlarda yaşamasına xidmət edir. Hər il yanvarın 20-si ümumxalq hüzn günü kimi qeyd olunur, dövlət bayraqları endirilir və bütün ölkə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edir. "Bakı əməliyyatı" Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədi güdsə də, əksinə, milli birliyin və kimliyin formalaşmasına təkan verdi. Bu gün suverenliyi tam bərpa edilmiş, üçrəngli bayrağı bütün torpaqlarında dalğalanan müstəqil Azərbaycan, 20 Yanvar şəhidlərinin ruhuna ən böyük ehtiramdır.