Bakı Enerji Həftəsi: Azərbaycanın qlobal enerji xəritəsində artan rolu

Bakı Enerji Həftəsi: Azərbaycanın qlobal enerji xəritəsində artan rolu
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Bakı Enerji Həftəsi” artıq uzun illərdir ki, beynəlxalq enerji ictimaiyyətinin diqqət mərkəzində olan mühüm platformalardan biri kimi çıxış edir. Bu tədbir yalnız enerji sektorunun nümayəndələrini bir araya gətirmir, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müasir Azərbaycanın enerji inkişafının təməli məhz Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. 1994-cü ildən etibarən həyata keçirilən uğurlu enerji strategiyası ölkəmizi regionun və dünyanın etibarlı enerji tərəfdaşlarından birinə çevirib. Bu gün Azərbaycan yalnız enerji resurslarının istehsalçısı deyil, həm də beynəlxalq əməkdaşlığın və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətdir.

Ölkəmizin mövcud qaz ehtiyatları həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin tələbatını uzunmüddətli perspektivdə qarşılamaq üçün kifayət edir. Bu potensial Azərbaycanın enerji bazarındakı mövqeyini daha da gücləndirir. Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə 16 ölkəyə çatdırılır. Bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür ki, bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolu bir daha təsdiqləyir.

Son illərdə həyata keçirilən iri enerji layihələrinin bir çoxu artıq istismar mərhələsinə daxil olub. Bu layihələr həm iqtisadi inkişafın sürətlənməsinə, həm də regional əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycanın iqtisadi göstəricilərinin müsbət dinamikası da məhz düzgün planlaşdırılmış enerji siyasətinin nəticələrindən biridir.

Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Dünya iqtisadiyyatının inkişafı enerji resursları ilə sıx bağlıdır və faydalı qazıntılar hələ də qlobal iqtisadiyyatın əsas dayaqlarından biri olaraq qalır. Azərbaycan isə bu reallığı nəzərə alaraq enerji istehsalını, nəqliyyat infrastrukturunu və beynəlxalq tərəfdaşlıqları davamlı şəkildə inkişaf etdirir.

Ölkəmizin güclü maliyyə imkanları da diqqət çəkir. Azərbaycanın strateji ehtiyatları xarici borcu dəfələrlə üstələyir ki, bu da iqtisadi sabitliyin və dayanıqlı inkişafın mühüm göstəricisidir. Eyni zamanda, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları yaradır. Bu, ölkəmizin yalnız enerji istehsalçısı deyil, həm də etibarlı logistika və nəqliyyat mərkəzi olduğunu göstərir.

Enerji sahəsində əməkdaşlıq artıq yalnız neft və qaz layihələri ilə məhdudlaşmır. Azərbaycan tərəfdaş ölkələrlə enerji kabeli layihələri üzrə də sıx əməkdaşlıq edir. Bu istiqamətdə atılan addımlar yaşıl enerji keçidinə və regional enerji inteqrasiyasının güclənməsinə xidmət edir.

Bununla yanaşı, ölkəmiz son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də mühüm nəticələr əldə edib. Emal sənayesində yaradılan yeni imkanlar qeyri-neft sektorunun inkişafına təkan verir. Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti isə Azərbaycanın beynəlxalq ticarət və logistika zəncirindəki əhəmiyyətini daha da artırır.

Bakı Enerji Həftəsi bir daha göstərir ki, Azərbaycan enerji sahəsində əldə etdiyi uğurları yeni əməkdaşlıq imkanlarına çevirməyi bacaran, regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul edilən ölkədir. Enerji təhlükəsizliyinə, iqtisadi inkişafa və beynəlxalq əməkdaşlığa verilən töhfələr Azərbaycanın gələcək uğurlarının da əsasını təşkil edir.