“Bakı Enerji Həftəsi” böyük beynəlxalq platformaya çevrilib
Aynur Ağazadə
YAP Suraxanı rayon təşkilatının gənc fəalı
Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəliyinin əməkdaşı
2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsi ənənəvi olaraq hər il keçirilir. açılış mərasimində çıxış edən Prezident İlham Əliyev çıxış edərək bir çox enerji sahəsində əhəmiyyətli məqamlara aydınlıq gətirmişdir. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın qaz sənayesinin inkişafında dönüş nöqtəsi hesab edilən “Şahdəniz” layihəsi ilə bağlı oldu.
Dövlət başçısı xatırlatdı ki, dünyanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz” üzrə müqavilə düz 30 il əvvəl – 1996-cı ilin iyun ayında imzalanıb. Bu müqavilə Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkənin gələcəkdə Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinin əsasını qoydu.
Enerji həftsəinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev tədbirin təkcə Azərbaycan üçün deyil, bütövlükdə qlobal enerji gündəliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu gün dünyanın aparıcı enerji platformalarından biri hesab olunan Bakı Enerji Həftəsinin təməlində məhz Xəzər Neft və Qaz Sərgisi dayanır. Zaman keçdikcə sərginin əhatə dairəsi genişləndi, yeni forumlar, konfranslar və işgüzar görüşlər əlavə olundu və nəticədə bu təşəbbüs “Bakı Enerji Həftəsi” adı altında daha böyük beynəlxalq platformaya çevrildi.
Bu gün Azərbaycan qazı müxtəlif istiqamətlər üzrə onlarla bazara çatdırılır və ölkənin enerji diplomatiyasının mühüm alətinə çevrilib. Məhz “Şahdəniz” layihəsi Azərbaycanın qaz ixracatçısı kimi mövqeyini möhkəmləndirərək ölkəyə yeni iqtisadi imkanlar qazandırdı. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ölkənin zəngin enerji resurslarını beynəlxalq əməkdaşlıq üçün açmaq idi. Həmin dövrdə təşkil edilən Xəzər Neft və Qaz Sərgisi qısa zamanda regionun ən nüfuzlu enerji tədbirlərindən birinə çevrildi.
Bakı Enerji Həftəsi bu gün yalnız Azərbaycanın deyil, Avrasiya məkanının ən mühüm enerji tədbirlərindən biri hesab edilir. Burada qəbul edilən qərarlar və əldə olunan razılaşmalar regionun enerji gələcəyinə təsir göstərən mühüm amillər sırasındadır.