Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə Nümayəndəsi, II Qarabağ müharibəsi Qazisi
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində
mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyun ayının 2-də Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil & Gas”), 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) və 30-cu Yubiley Bakı Enerji Forumunun rəsmi açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev qonaqları və tədbirin təşkilatçılarını salamlayaraq çıxışına 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycanın enerji strategiyasının əsasını qoyduğunu qeyd edərək davam edib. Həmçinin dövlət başçısı müqavilənin yalnız kommersiya layihəsi deyil, həm də Azərbaycanın dövlətçiliyini gücləndirmək və iqtisadiyyatını inkişaf etdirmək üçün böyük əhəmiyyət daşıyan bir layihə olduğunu vurğuladı. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan, xarici investorlar üçün cəlbedici bir ölkə halına gəlmiş və bu, ölkənin iqtisadi inkişafının təməlini qoymuşdur. Əsrin müqaviləsi Azərbaycanın tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru olan yolunun başlanğıcı olmuşdur.
Cənab Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb. Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpa olunan enerji hesabına təmin edəcəyik.
Azərbaycan bu gün sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik bir ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə, müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə mövqeyini gücləndirmişdir. Ölkəmizin iqtisadiyyatı, neft və qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun da genişlənməsi ilə xarakterizə olunur. Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 30-cu Yubiley Bakı Enerji Forumunun rəsmi açılış mərasimi, ölkəmizin beynəlxalq aləmdəki mövqeyini və Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasətinin uğurlarını bir daha nümayiş etdirdi.