Azərbaycanın qlobal enerji bazarındakı məsuliyyətli rolu

Azərbaycanın qlobal enerji bazarındakı məsuliyyətli rolu
Nuranə Yəhyayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin direktoru
Otuz ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsi təkcə tarixi ədalətin bərpası və ərazi bütövlüyünün təmin olunması deyil, həm də regionun iqtisadi və ekoloji mənzərəsinin kökündən dəyişdirilməsi prosesinin başlanğıcıdır. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru "Yaşıl Enerji Zonası" elan etməsi bu ərazilərin bərpasında tətbiq edilən strategiyanın nə qədər innovativ və gələcəyə hesablanmış olduğunu nümayiş etdirir. Bu yanaşma işğaldan azad edilmiş torpaqların enerji təminatının tamamilə bərpa olunan mənbələr hesabına qurulmasını nəzərdə tutur ki, bu da dünya miqyasında post-konflikt bərpa proseslərində nadir rast gəlinən unikal bir modeldir. Qarabağ və Şərqi Zəngəzurun zəngin su resursları və yüksək günəş radiasiyası potensialı bu əraziləri Azərbaycanın "yaşıl enerji" mərkəzinə çevirmək üçün ideal zəmin yaradır.
Bu strategiyanın ən mühüm komponentlərindən biri regionun hidroenerji potensialının reallaşdırılmasıdır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın daxili su ehtiyatlarının təxminən 25 faizini formalaşdıran Tərtərçay, Həkəriçay, Bazarçay və digər kiçik çaylarla zəngindir. İşğal dövründə erməni vandalları tərəfindən dağıdılmış və ya istismara yararsız hala salınmış su elektrik stansiyalarının (SES) bərpası və yenilərinin tikintisi bu gün sürətlə davam etdirilir. Artıq onlarla kiçik SES yenidən qurularaq ümumi enerji sisteminə qoşulmuşdur. "Güləbird", "Suqovuşan", "Kəlbəcər-1", "Laçın" və digər stansiyaların istismara verilməsi regionun elektrik enerjisi ilə təchizatında həlledici rol oynayır. Bu stansiyalar təkcə yerli infrastrukturu və yaşayış məntəqələrini enerji ilə təmin etmir, həm də "Böyük Qayıdış" proqramı çərçivəsində qurulan yeni şəhər və kəndlərin ekoloji təmiz mühitdə inkişafına zəmanət verir. Hidroenerji potensialının tam istifadəsi regionun enerji müstəqilliyini təmin etməklə yanaşı, Azərbaycanın ümumi yaşıl enerji balansında suyun payını əhəmiyyətli dərəcədə artırır.
Hidroenerji ilə yanaşı, regionun günəş enerjisi potensialı da strateji əhəmiyyət kəsb edir. Xüsusilə Cəbrayıl və Zəngilan rayonları günəş radiasiyasının səviyyəsinə görə Naxçıvan Muxtar Respublikasından sonra ölkədə ikinci ən yüksək göstəriciyə malikdir. Bu təbii üstünlük irimiqyaslı günəş elektrik stansiyalarının inşası üçün geniş imkanlar açır. Bu istiqamətdə atılan ən böyük addımlardan biri Cəbrayıl rayonunda inşası nəzərdə tutulan 240 meqavat gücündə "Şəfəq" Günəş Elektrik Stansiyası layihəsidir. BP şirkəti ilə birgə həyata keçirilən bu layihə təkcə regionun deyil, bütövlükdə Azərbaycanın enerji sektorunda bir ilkə imza atacaqdır. Belə ki, bu stansiyada istehsal olunan "yaşıl enerji" virtual ötürmə mexanizmi vasitəsilə Səngəçal terminalının enerji təchizatına yönəldiləcək. Bu innovativ yanaşma Qarabağda istehsal olunan təmiz enerjinin ölkənin neft-qaz sənayesinin dekarbonizasiyasına birbaşa töhfə verməsini təmin edəcək.
Qarabağ və Şərqi Zəngəzurda yaradılan bu enerji infrastrukturu ən müasir "ağıllı şəbəkə" (smart grid) texnologiyaları əsasında idarə olunur. Bu, enerji itkilərini minimuma endirir, sistemin dayanıqlığını artırır və istehlakçıların keyfiyyətli enerji ilə təminatına zəmanət verir. Azad edilmiş ərazilərdə ənənəvi enerji mənbələrindən imtina edilərək tamamilə yaşıl enerjiyə üstünlük verilməsi Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədəki qətiyyətini nümayiş etdirir. Bu layihələr həm də iqtisadi səmərəlilik baxımından böyük əhəmiyyətə malikdir; daxili tələbatın su və günəş enerjisi hesabına ödənilməsi nəticəsində qənaət edilən təbii qaz həcmləri ölkənin ixrac potensialını artırır.
Qarabağ və Şərqi Zəngəzurun enerji potensialının reallaşdırılması Azərbaycanın inkişaf tarixində yeni bir səhifədir. Xarabalıqdan dirçələn bu torpaqlar indi "yaşıl enerji"nin və davamlı inkişafın simvoluna çevrilir. Hidroelektrik və günəş stansiyalarının vəhdəti regionu enerji baxımından özünü təmin edən, ekoloji cəhətdən təmiz və investisiya üçün cəlbedici bir məkana çevirir. Bu layihələr sübut edir ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri sadəcə bərpa etmir, orada gələcəyin ən müasir həyat modelini qurur.