Azərbaycanın Gürcüstan kimi etibarlı dostları var

Azərbaycanın Gürcüstan kimi etibarlı dostları var

Aysel Seyidova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu,  76 nömrəli tam orta məktəbin müəllimi

Gürcüstan regionda Azərbaycanın ən mühüm müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı və geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. Bu iki dövlət ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər qlobal, istərsə də regional məsələlərdə hər zaman eyni mövqedən çıxış etmişdir.

İkitərəfli münasibətlər Azərbaycan respublikasının ümummilli lideri Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlamışdır. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. 1997-ci ilin fevralında Gürcüstan prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə hər iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı təmin edir.

Bu ilin 16 mart tarixində isə Gürcüstann Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Bu səfərlə bağlı prezidentimiz İlham Əliyev mətbuata öz bəyanatlarını vermişdir.

Bu bəyanatlardan aydın duyulur ki, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır.  Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur.

Böyük əhəmiyyət kəsb edən məsələlərdən biri budur ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri gündən-günə artır və artmaqdadır. Hər iki ölkənin birgə səyi nəticəsində ölkələrimiz nəinki iqtisadi inkişafını təmin edir, eyni zamanda bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.

Bakı-Tbilisi-Qars dəmir yolunun qısa bir müddət ərzində artıq genişləndirilmiş formada fəaliyyətə başlaması bizim üçün böyük nailiyyətlərdən biridir. Bu istiqamətdə - nəqliyyat istiqamətində inkişafa doğru atılan  addımlar bir çox ölkələr üçün əvəzolunmaz imkanlar yaratmış olacaq.

Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Bu hər iki ölkə üçün mühüm logistik əhəmiyyətə malik layihədir.

Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkələrə ötürülür. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu hələ də son deyil. Azərbaycanın enerji resurslarına tələbatı olan ölkələrin sayı gündən-günə artır və artmaqdadır.

Azərbaycanın həm enerji resursları var , sərmayə qoymaq üçün maliyyə imkanları var, Gürcüstan kimi etibarlı dostları var ki, buna əsasən Azərbaycanın tranzit imkanları genişdir. Məhz buna görə, Avropa qitəsində Azərbaycan qazına olan tələbat ildən-ilə artacaq.

Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstəyin davam edəcəyinə inanırıq.

Ümumiyyətlə,  dost, qonşu və qardaş ölkənin rəhbərinin ölkəmizə səfəri bizim üçün çox böyük əhəmiyyətə malikdir. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.