Azərbaycanın dünya birliyinə xatırlatdığı obyektiv siyasi həqiqət

Azərbaycanın dünya birliyinə xatırlatdığı obyektiv siyasi həqiqət

Rafiq İsmayılov 

"Dental Clinic" stomatoloji mərkəzin direktoru

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Prezident İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündəki çıxışında bir çox mühüm məqamlara toxundu. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də BMT-də ciddi islahatlara ehtiyac olması idi. Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır.

Bəli, 80 ilə yaxın müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların zəruri olduğunu qeyd-şərtsiz təsdiqləyir. Faktlar təsdiqləyir ki, BMT-də islahatların əleyhinə çıxanlar elə Təhlükəsizlik Şurasının 5 daimi üzvü sırasında yer alan dövlətlərdir. Çünki onlar ənənəvi mövqelərini və təsir imkanlarını əldən vermək istəmirlər. Hətta bir müddət öncə “əgər yeni ölkələr “beşliyə” əlavə olunsalar, onların səsvermə hüququ olmamalıdır” yanaşmasının irəli sürülməsi bu arqumenti təsdiqləyir.

Bütün hallarda Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməli, “beynəlxalq birliyin konstitusiyası” adlandırılan BMT Nizamnaməsində əlavələr və düzəlişlər olmalıdır. Bu, qaçılmazdır. Və BMT dilemma qarşısındadır: “ya olum, ya ölüm”. Təşkilatın xilası - inam və etimadın, korlanmış imicin bərpası üçün islahat ya olmalı, ya da olmalıdır. Əks halda, olmayan BMT olacaq! Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılıb. Hazırda dünyanın 193 ölkəsi, bütünlükdə yer kürəsinin 80 % ərazisi BMT-nin mandat sisteminə daxildir. BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. Təşkilatın Nizamnaməsi 1945-ci il 26 iyun tarixində imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə minib. Qurumun əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Respublikamız təşkilata 1992-ci ildə qəbul olunub.


BMT-nin tarixinə aid bu kimi faktları təsadüfən xatırlamadıq. Səkkiz onillik ərzində yalnız zaman dəyişməyib, həm də dövlətlər dəyişib, dünyada yeni reallıqlar yaranıb. BMT-nin zamanında qəbul olunan Nizamnaməsi isə dəyişən dünyanın tələblərinə əsla cavab vermir. Məhz bu səbəbdən də bir sıra hallarda “dünya hökuməti” adlandırılan BMT qlobal miqyasda baş verənlərə operativ yanaşma sərgiləmir. Yaranan yeni reallıqlar və müasir çağırışlar fonunda BMT-də islahatların aparılması tarixi zərurətə çevrilib. BMT-də elə bir mexanizm yaradılmalıdır ki, onun qlobal güc və maliyyə mərkəzlərindən asılılığı aradan qalxsın. Mövcud Nizamnamə və TŞ-nin hazırkı strukturu ilə BMT “dünya hökuməti” funksiyasını həyata keçirmək iqtidarında deyil, daha çox “siyasi alət” qismində çıxış edir. Buradan da dünya nizamının tənzimlənməsində ikili standartlar ortaya çıxır, bütün qlobal proseslər BMT-nin iradəsi ilə deyil, əsasən güc mərkəzlərinin diktəsi ilə yönləndirilir.