Azərbaycanın dövlət müstəqilliyi günü bizim milli bayramımızdır

Azərbaycanın dövlət müstəqilliyi günü bizim milli bayramımızdır

Elşad Məmmədov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin tarix müəllimi

Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən 106 il ötür. 27 may 1918-ci il tarixində Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Nəticədə də, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Bu iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi və mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Belə ki, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Qısa bir müddət - 23 ay ərzində Cümhuriyyət çox böyük işlər görə bilib: dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Eyni zamanda həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib.

Mövcud olduğu qısa dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi. Bu müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.

Mövcud olduğu qısa müddət ərzində Cümhuriyyət - Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Lakin mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bu hadisələrdən sonra rəsmi qaydada ilk dəfə olaraq üçrəngli bayrağı Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Nəticədə müstəqilliyə gedən yolun əsası qoyulub. Qeyd edək ki, Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ümummilli liderin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli bir işdir. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü. Ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. O dövrdə bir tərəfdən Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, digər tərəfdən daxili münaqişələr ölkəni çətin bir vəziyyətə salmışdı. Belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ümummilli lider Heydər Əliyev dəfələrlə bildirirdi ki, bu gün biz demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Ulu Öndərimiz deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Lider Heydər Əliyevin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Məhz buna görə, 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Prezidentin sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. Məhz bu kompleks tədbirlərin nəticəsidir ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan Ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısını aldı və düşmənin dinc əhaliyə qarşı hücumlarını dəf etdi, sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq bir çox ərazilərimizi, həmçinin olduqca mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri düşməndən azad etdi.

27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. 44 günlük Vətən müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.

Məhz Prezident, Ali Baş Komandanımızın və Rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra artıq dörd ildir ki 28 May – Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.