Azərbaycanda idman uğurla inkişaf edir
Aysel Ələkbərzadə
YAP Suraxanı rayon təşkilatının fəal gənci
İdman böyük bir qüvvədir və dövlətin həyatında böyük rola malikdir. Mətbuatdan biz idman haqqında müxtəlif informasiyalar alırıq. Bütün bunlar Azərbaycanda idmana göstərilən böyük diqqətin göstəricisidir. İdman növlərindən biri də güləşdir. Ölkəmizdə populyar olan Yunan-Roma və Sərbəst güləş növləri zəngin tarixə və özünə məxsus ənənələrə malikdir.
Tarixə nəzər salsaq, görərik ki, Azərbaycanda milli güləşin elementlərinə Qobustan qayalarında, dastanlarımızda, şifahi, yazılı ədəbiyyatımızda rast gəlinir. Həmvətənlərimiz təkcə mağaralarda deyil , toy və bayram şənliklərində özlərini sınayardılar. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Bu faktlardan biri də Qarabağda, Şuşada olan pəhləvanlıq məktəbləri və ya bölgələrimizdə güləş üçün nəzərdə tutulan xüsusi meydanlar - zorxanalardır. Bu zorxana pəhləvanlarımız təkcə Azərbaycan regionlarında deyil uzaq Çin, Hindistan və Misirdə tanınırdılar. Onlardan nümunə olaraq Maştağalı Hüseynqulu Hacı Mürsəloğlunu, Balaxanılı Sap Pəncini, Bakılı Şobı oğlu Abdullanı, Əhmədli Məmmədi göstərmək olar.
Pəhlivanlar vətəni, odlar yurdu olan Azərbaycan zaman oxunu dəyişsə də nərlər, igidlər yetişdirməyə davam edir. Bu pəhləvanların özlərini inkişaf etdirməsi və beynəlxalq arenada tanınmaları üçün müasir standartlara cavab verən texnikalar təmin olunub, şərait yaradılmışdır. Bunun üçün də böyük vəsait, ən əsası bu şəraiti yaradan, icra edən lider, siyasi iradə var. Şübhəsiz ki, Azərbaycanda lider dedikdə ilk ağıla gələn ümummili liderimiz Heydər Əliyevdir. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Məhz bu tədbirlərdən sonra ölkənin idman siyasətində canlanma baş vermişdir. Hal-hazırda bu siyasəti ən layiqli davamçı İlham Əliyev davam etdirməkdədir. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır.
İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. Məhz 17 mart 2022-ci ildə Cənab Prezidentin Bolqarıstanda keçirilmiş Avropa çempionatında şanlı üç rəngli bayrağımızı zirvəyə qaldıran gənc güləşçilərimizlə görüşü, Ali Baş Komandanın idmana göstərdiyi diqqətin təzahürüdür.