Azərbaycan–Avropa İttifaqı Münasibətləri: Strateji Tərəfdaşlıq və Enerji Təhlükəsizliyi

Azərbaycan–Avropa İttifaqı Münasibətləri: Strateji Tərəfdaşlıq və Enerji Təhlükəsizliyi

Səidə İmanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən dünya ölkələri ilə bərabərhüquqlu əlaqələr qurmağa can atmışdır. Xalqımızın gələcəyi, onun rifahının yüksəldilməsi və dövlət maraqlarının qorunması hər zaman xarici siyasətin ən öndə gələn prioritetləri olmuşdur. Azərbaycan xarici siyasət kursunda Avropa İttifaqı (Aİ) ilə münasibətlərin qarşılıqlı hörmət və maraqlar əsasında düzgün qurulmasına və inkişaf etdirilməsinə xüsusi önəm vermişdir.
Bu əlaqələrin təməli hələ 1996-cı ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulmuşdur. Həmin dövrdən etibarən bu münasibətlər hər iki tərəfin gündəmində daimi yer tutur. Bu uğurlu sazişdən yola çıxaraq, tərəflər 2004-cü ildən "Avropa Qonşuluq Siyasəti", 2009-cu ildən isə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı rəsmi formatda davam etdirirlər. Siyasi, iqtisadi və demokratik inkişaf sahələrini əhatə edən bu tərəfdaşlıq bu gün də uğurla irəliləyir.
Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq təhlükəsizlik, nəqliyyat və sosial müdafiə kimi mühüm sahələri ehtiva edir. Bu əlaqələrin günü-gündən genişlənməsi heç də təsadüfi deyil. Son illərin statistikasına görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkəmizə ən çox investisiya yatıran beynəlxalq təsisatdır. Təqdirəlayiq haldır ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq bəyanatı imzalamışdır.
Azərbaycan Avropa üçün yeni və etibarlı enerji mənbəyidir. Artıq dünyanın potensial qaz ixracatçılarından birinə çevrilən ölkəmiz regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdırır və zənginləşdirir. Azərbaycan Respublikasını bu gün bütün dünya tanıyır; qarşılıqlı dövlət səfərləri və ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər də bunu sübut edir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin ölkəmizə reallaşan səfərləri bu reallığın növbəti təsdiqidir. Ölkə Prezidenti İlham Əliyev möhtərəm qonağı qarşılayarkən mətbuata bəyanatında bu barədə belə demişdir: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizindən çoxu üzv dövlətlərlə aparılır. Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün ən əsas ticarət tərəfdaşıdır. Bu, regionla olan ticarətin təxminən 70 faizini təşkil edir ki, bu da çox böyük göstəricidir”.
Dövlətimizin başçısı mətbuat bəyanatında onu da vurğulamışdır ki, Ursula fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Həmin sənədin imzalandığı gündən bu yana Avropa İttifaqının üzv dövlətləri Azərbaycandan təbii qaz idxalını təxminən 65 faiz artırmışlar. Bu gün Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin ən parlaq göstəricisidir. 3500 kilometrlik vahid boru kəməri sistemi qazın Azərbaycandan Avropaya nəqlinin əsas magistral xəttidir. Bununla yanaşı, tərəflər arasında Azərbaycanın günəş, külək və su elektrik enerjisi potensialı da geniş müzakirə olunur. Ölkəmiz bu sahədə də Avropa üçün strateji tərəfdaşa çevrilmək niyyətindədir.
Coğrafi baxımdan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regional loqistika şəbəkəsinə böyük töhfələr verir. Ölkəmizin reallaşdırdığı şaxələndirilmiş nəqliyyat-loqistika layihələri gələcəkdə Avropaya "yaşıl enerji" ixrac etməyə də imkan verəcəkdir. Bu isə Avropanın enerji təhlükəsizliyinə əlavə və güclü dəstək deməkdir.
Azərbaycan ilə Avropa Komissiyası arasındakı münasibətlərin ən təqdirəlayiq tərəfi tərəflərin hər zaman açıq, səmimi və rəsmi dialoq formatını qoruyub saxlamasıdır. Bu baxımdan istənilən qarşılıqlı dəstək və yardım yüksək qiymətləndirilir. Keçirilən çoxsaylı tədbirlər göstərir ki, tərəflər arasındakı münasibətlər hazırda fəal inkişaf mərhələsindədir. Bu əməkdaşlıq qarşılıqlı maraqlara, etimada və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.