Aprelin 9-da ADA
Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Erməni separatçı quldur dəstələri Rusiyanın müvəqqəti şəkildə bölgədə yerləşdirilmiş sülhyaratma kontingentinin gözü qarşısında yeni səngərlər və mühəndis-istehkam xətləri qurur, bölgəyə yeni hərbi qüvvələr və hərbi təchizat daşınmasını davam etdirirdilər. Yəni açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar aparılırdı və müşahidəçilər də bunun belə olduğunu inkar etmirdilər.
Azərbaycan xalqı dünyanın yeganə xalqlarındandır ki, bütün meydanlarda olduğu kimi, müharibədə, döyüşdə belə humanistliyi, adilliyi qoruyub saxlamağı yaxşı bacarır. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində çarəsiz vəziyyətə düşən düşməninə əl uzadan, halına acıyan, sülhsevər, yardımsevər olduğunu sübut edən xalqımızın qəhrəman nümayəndələri ötən il hərb tarixinin ən qısa, sərrast, adil əməliyyatını reallaşdırmaqla mühüm şanlı tarix yazdılar. Lokal xarakterli antiterror tədbirləri məğlubiyyətdən dərsini lazımınca almayan başıpozuq topluma ən təsirli, acı mesajı ötürməklə həm də Müzəffər Ali Baş Komandanın “dəmir yumruğ”unun təntənəsinə çevrildi. Sitat: “...ağlınızı yığın başınıza. “Dəmir yumruq” buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.
İlham Əliyev: “Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır.
Ilham Əliyev: “Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq və onlara çıxmağa imkan verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olan kimi əməliyyata son qoyuldu.”
Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.