Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi Novruz böyük ümidlərlə qarşılayır

Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi Novruz böyük ümidlərlə qarşılayır
Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
Yüz illərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belə də həmin millət tarixin dolan baclarında sarsılmır, başını itirmir. Novruzda qədimiliyimizin bütün çalarları var. Hər halda bunun səbəbi tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib.
Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, 2010-cu ildən Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib. Novruz bayramı bütövlükdə azərbaycançılıq idealarının söykəndiyi yüksək mənəvi və əxlaqi dəyərlərlə zəngindir. Ümumi Azərbaycan mədəniyyətinin yaranıb formalaşmasında, inkişafında və yüksəlməsində onun böyük rolunun həqiqi mənasını hələ bütöv şəkildə öyrənildiyinə hökm vermək təbii ki, mümkün deyildir. Novruzun Azərbaycan xalqının, Azərbaycan dilinin və xalqımıza məxsus zəngin kulturoloji dəyərlərin qorunub saxlanılmasında mühüm rolu olmuşdur.
Bayramın söykəndiyi əxlaqi dəyərlərin çevrəsi genişdir. Ən əvvəl, Novruz ənənələri əməyi insan həyat və fəaliyyətinin başlıca əxlaqi dəyəri kimi təqdim edir. Novruz fəlsəfəsinə görə insanın yüksək rifaha, xoşbəxt həyata qovuşması onun torpaqda işləmək, əkib-becərmək istəyi ilə bağlıdır. Novruz nəğmə və deyimlərində, meydan tamaşalarında bu görüş özünü geniş şəkildə əks etdirir.
Ulu öndər Heydər Əliyev Novruz bayramı haqqında demişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.
Novruz bizim ümummilli bayramımızdır. Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il ənənəvi olaraq bayram münasibətilə xalqımızı təbrik edir, il ərzində əldə edilmiş nailiyyətlərdən söz açır. Martın 18-də Tərtər rayonunun Talış kəndində Novruz tonqalını alovlandıran cənab Prezident Novruz təbriklərini çatdırmaqla Azərbaycan xalqına müraciət etmişdir. Öz müraciətində ölkə başçısı 30 il ərzində Qarabağın erməni işğalında qaldığını, bütün infrastrukturun erməni vandalları tərəfindən məhv edildiyini bildirərək qeyd etmişdir ki, artıq üçüncü ildir Qarabağ torpaqlarında bayram tonqalı qalanır.
Üç ildir ki, Şuşa, Cıdır düzü erməni tapdağından azad olub. Lakin ermənilər hələ də xülya ilə yaşamaqda davam edir, hər vəchlə sülh müqaviləsini bağlamaqdan yayınmağa cəhd göstərirlər. Lakin zaman reallıqları dəyişdirib. Cənab Prezident bu reallıqlardan çıxış edərək bildirib ki: Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadrat kilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalı, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadrat kilometr ərazidə, hansı ki, indi onlar ancaq bunu istəyirlər, rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik.”
Üç ildir ki bu torpaqlar rahat nəfəs alır. Bu torpaqların azadlığı uğrunda minlərlə igid övladımız şəhid olub. İndi şəhidlərimizin də ruhu şaddır. Çünki bu torpaqlarda həyat yenidən canlanır. Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı başlayıb. Elə Talış kəndi də belə yurdlardan biridir. Cənab Prezident Talış kəndinə əhalinin qayıdışını bildirərək qeyd etdi ki, “Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib ki, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəblər, uşaq bağçası, ictimai binalar tikilib məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq.”
Bəli, məhz qurub yaradırıq. Erməni vandallarından fərqli olaraq bu Vətən torpağını cənnətə çeviririk. Çünki bu torpaqlar bizim əbədi və əzəli yurdumuzdur. Müzəffər Ali baş Komandan, ölkə başçısı İlham Əliyev bu müraciətində xalqı əmin etmişdir ki. Qazanılan qələbə əbədidir. Ermənistan özünə ağalar axtarmaqla məşğul olsun. Ya bizim şərtləri qəbul edib insan kimi yaşasınlar, ya da rədd olub getmək imkanlarından istifadə etsinlər. Hər halda bu torpaqların sahibi bizik və bizim şərtlər keçərlidir.
“Mən əziz xalqımı qarşıdan gələn Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm, bir daha çıxışımı məşhur olan sözlərlə tamamlamaq istəyirəm: “Qarabağ Azərbaycandır!”-deyə müraciətini dillər əzbəri olan şüarla bitirən cənab Prezident qəlblərə fərəh, könüllərə rahatlıq gətirən Novruzu məhz Zəngəzurda Qarabağ torpağında qeyd etməklə bir daha Azərbaycan xalqının lideri olduğunu, milli adətlərə sədaqətini və məhəbbətini ifadə etdi. Azərbaycan xalqı bu əziz gündə öz prezidenti ilə fəxr edir, onun rəhbərliyi və liderliyi ilə neçə belə gözəl illər qarşılamağı arzu edir.