Azərbaycan və Qırğızıstan artıq rəsmi strateji tərəfdaşlardır
Firəngiz Məlikbəyli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Dünya siyasətində və ölkələrin gələcəklərinə birbaşa təsir qüvvəsi olan addımların atıldığı bu günlərdə Azərbaycanın ölkə kimi ön sıralarda olması, Prezidentimiz möhtərəm İlham Əliyevin mühüm ölkə liderləri ilə görüşlərinin ardıcıl olaraq keçirilməsi həm siyasi ekspertləri, həm də vətəndaşları dövrün reallıqları barədə düşünməyə vadar edir. Cənab Prezident İlham Əliyevin ulu öndərimiz Heydər Əliyevin min bir zəhmətlə qurub-yaratdığı, tarixini yenidən yazdığı və formalaşdırdığı Azərbaycan Respublikası illərdən bu yana çəkilən zəhmətlərin bəhrəsini görür və iri, qətiyyətli addımlarla zirvəyə yüksəlir, səsini tribunalardan dünya ictimaiyyətinə çatdırır. Prezidentimiz İlham Əliyevin özünə, ölkəsinə və savadlı siyasətinə güvənərək etdiyi çıxışlar, bəyanatlar, imzaladığı sənədlər ölkəmizi uğurla təmsil etməyinin bariz nümünəsi kimi diqqətimizi cəlb edir.
Son dövrlərdəki mühüm səfərlərindən biri də ölkə başçımızın Qırğızıstan səfəridir ki, bu səfər Azərbaycanın potensialını genişləndirmək üçün imkanlar yaradır. Həm xalqlarımız arasında qardaşlıq xarakteri daşıyan əlaqələrə, həm də Qırğızıstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verilən qiymətin nümünəsi kimi Qırğızıstan dövlətinə iki dəfə səfər etmiş Prezidentimiz bu dəfərki səfərinin rəsmi dövlət səfəri olduğunu qeyd etmişdir. Həyata keçirilən bu görüş münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir. Həmçinin bizim xalqlarımızı birləşdirən və dövlətlərarası münasibətlər üçün möhkəm təməl rolunu oynayan ortaq tarixi köklərimizi, mədəni köklərimizi xalqıarımız arasındakı mehribanlığı dünyaya çatdırır.
“Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü, fikrimcə, bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq. Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Müvafiq Bəyannamə Sizin səfəriniz zamanı Bakıda imzalanıb və biz bu gün artıq məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi apardıq”- deyən Prezident İlham Əliyev daha sonra birgə fondun yaradılması və onun ən mühüm nəticələri barədə dəyərli fikirlərini davam etmişdir.
Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıması, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərin perspektivliyini təmin edəcək və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Türk dövlətləri bu cür addımlar atmağa, yaxınlaşmağa ciddi yanaşmalıdır.
İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Xəzərin Azərbaycan tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və ölkəmizin yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Bu da bu gün Azərbaycanın açıq dənizlərə çıxışı olmamağına baxmayaraq mühüm nəqliyyat şəbəkəsinin olmasının vacibliyini göstərir.
Qırğızıstan Prezidenti Sadır Japarov Möhtərəm Prezidentimiz İlham Əliyevə ölkələrimiz arasında dövlətlərarası münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edən görüşlərə görə, Qırğızıstan-Azərbaycan əməkdaşlığının dinamik inkişafı və ölkələrimiz arasındakı heç bir siyasi ziddiyyətin olmamasına görə təşəkkür etmişdir. Həmçinin, bu siyasi dialoqun möhkəmlənməsinə, daha sıx iqtisadi əlaqələrin qurulmasına, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılmasına, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafında göstərdiyi ciddi cəhdlərdən dolayı minnatdarlığını bildirmişdir.